Sentyabrın 1-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində mübarizə aparmaq üçün 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin sədri Susana Məmmədovanın namizədliyi təsdiqlənib. Bu barədə Newscenter.az-a məlumat verən Susana Məmmədova deyib ki, artıq bir neçə gündür imzatopama kampaniyasına start verib:
“İmzatoplama kampaniyası yekunlaşmaq üzrədir. Bu mərhələdə mənə yaxından dəstək olan neftçalalılara dərindən təşəkkürümü bildirirəm. Əminəm ki, eyni dəstəyi səsvermə günü də nümayiş etdirərək layiqli namizədə, Neftçalamızın, neftçalalıların problemləri, qayğılarını kifayət qədər bilən və onların həllinə çalışacaq şəxsə səs verəcəklər”.
Bəzi namizədlərdən fərqli olaraq imzatoplama kampaniyasında şəxsən iştirak etdiyini deyən Susana Məmmədova, “Seçicilər öz namizədini yaxından tanımalı, kimə səs verəcəklərini bilməlidir. Ona görə də hər bir qapıya, hər bir vətəndaşın evinə şəxsən gedirəm. Onu da qeyd edim ki, seçici də bunu çox yüksək qarşılayır. İmzatoplama kampaniyasında apardığım müşahidələr onu deməyə əsas verir ki, seçici yalnız seçkidən seçkiyə onu yada salan, onun qapısına gedən namizədi istəmir. Seçici onun problem və qayğılarını bilən, həmin problemlərin həllinə çalışan namizəd istəyir. Ümid edirəm ki, neftçalalıların layiqlı namizədi olaraq çıxdığımız yola uğurla davam edib qarşımıza qoyduğumuz nəticəyə nail olacağıq",-deyə vurğulayıb.
Susana Məmmədova seçkiqabağı vəziyyətdən də danışıb. Bildirib ki, indiyə qədər seçkinin bütün mərhələləri tam demokratik, ədalətli şəkildə gedir, hər hansı bir qeyri-qanuni hallar müşahidə olunmur:
“Xüsusi olaraq qeyd etmək istərdim ki, 70 saylı Neftçala Seçki Dairəsi də öz işini yüksək səviyyədə qurub və namizədin hansısa məsələdə qaranlıq qaldığı məsələ olarsa, dərhal ona maarifləndirici xarakter daşıyan məlumat verilir, qanunun yol verdiyi imkanlar daxilində köməklik göstərilir”.
Susana Məmmədova əhali arasında seçkilərə marağın da böyük olduğunu deyib. Bildirib ki, imzatoplama kampaniyası zamanı vətəndaşlarla aparılan söhbət nəticəsində belə qənaətə gəlmək olar:
“Seçicinin öz taleyinə biganə olduğu, seçkilərə maraq göstərmədiyi barədə deyilənlərlə qətiyyən razılaşmıram. Mən bir neçə gün ərzində Neftçalada imzatoplama kampaniyası çərçivəsində şahidi oldum ki, əhali arasında seçkilərə maraq kifayət qədər böyükdür və vətəndaş 1 sentyabrda seçki məntəqələrinə gedərək Neftçalanın qayğı və problemlərini öz qayğı və problemləri bilib, ona kömək etməyə çalışan namizədə səs verəcək”.
Nərgiz Əzizova