Etiraf etmək lazımdır ki, bir sıra deputatların köməkçiləri özlərini deputatdan daha səlahiyyətli hesab edərək sözün həqiqi mənasında at oynadır, seçici ilə işləmək, onun qayğıları ilə maraqlanmaq əvəzinə, vətəndaşa hədə-qorxu gəlir. onu şantaj edir. Necə ki, Beyləqan rayonun deputatı Şahin İsmayılovun köməkçisi Müşfiq Səfərov kimi.
Redaksiyamıza daxil olan məlumata görə, bu günlərdə deputat köməkçisi Aprel döyüşlərinin və 44 günlük Vətən müharibıəsinin, eləcə də antiterror tədbirlərinin iştirakçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən göstərdiyi igidliyə görə bir neçə medalla təltif edilmiş şəxsin valideynini çağıraraq ona hədə-qorxu gəlib, onu övladları ilə bağlı xəbərdarlıq edib. Buna səbəb isə sosial şəbəkədə deputat Şahin İsmayılovun seçicilərlə görüşməməsi ilə bağlı yazılan status olub.
Məlumata görə, müharibə iştirakçısının atasına Səfərov hədə-qorxu gələrək xəbərdarlıq edib ki, iki oğlun var, harda nəylə, hansı bədbəxt hadisə ilə üzləşə biləcəklərini nəzərə alsın.
Maraqlıdır ki, deputat köməkçisinə bu səlahiyyəti kim verib? Yaxud, Müşfiq Səfərov hüquq-mühafizə orqanlarında çalışır, vətəndaşın xəbəri yoxdur?
P.S Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Süleyman İsmayılbəyli