Sərnişinləri biletsiz qatara mindirən konduktorlar işdən çıxarılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Qazaxıstanda qeydə alınıb.
Belə ki, "Qazaxıstan Dəmir Yolu" QSC-nin məlumatına görə, Almatı-2 dəmir yolu stansiyasında yoxlama aparılıb. Nəticədə sərnişinlərin biletsiz daşınması və yol sənədlərinin qanunsuz satışı faktları müəyyən edilib.
"Almatı-2 dəmir yolu vağzalında biletlərin qanunsuz olaraq yenidən satılması və süni qıtlıq yaradılması faktları aşkarlanıb. Həmçinin Çimkənd stansiyasında aparılan yoxlamaların birində biletsiz sərnişinin daşındığı məlum olub.
Aparılan xidməti araşdırmanın nəticələrinə görə, qatar rəhbəri və konduktor işdən çıxarılıb, ikinci konduktor və Çimkənd stansiyası bölməsinin rəis müavininə isə şiddətli töhmət verilib.
Hazırda ölkənin bütün dəmir yolu vağzallarında daxili yoxlamalar aparılır.
Mehman Mehdiyev