"Son hadisələr Ermənistanın sülhə yaxınlaşmaq əvəzinə, sürətlə sülhdən uzaqlaşdığını göstərir. Ermənistan ordusunun Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi bunun əyani təsdiqidir. Ağzı köpüklənə-köpüklənə tez-tez sülh barədə danışmağı az qala trendə çevirmiş Ermənistanın baş naziri Nikol Paşinyan havadarlarının dəstəyindən cürətlənərək son aylarda sülh istiqamətində əldə edilmiş bütün nailiyyətləri heçə endirən addımlar atmaqdadır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı açıqlamada haqlı olaraq qeyd olunub ki, Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, mən bu siyahıya Hindistandan alınan hücum silahlarını da, İranın göndərdiyi öldürücü silahları da əlavə edərdim:
"Hindistanın Ermənistanla 600 milyon, İranla isə təxminən 500 milyon civarında silah tədarükü barədə sövdələşmələri var. Bütövlükdə isə, Ermənistan son ilyarım ərzində silahlanmağa təxminən 1,1 milyard dollar pul xərcləyib. Bu, Ermənistan kimi kiçik bir ölkə üçün və həm də məğlub ölkə üçün həddindən artıq böyük məbləğdir. Ermənistanı silahla və maliyyə ilə təchiz edənlərin məqsədi aydındır. Onlar Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olmasında əsla maraqlı deyillər. Ona görə də hər vəchlə Ermənistanda revanşizmi körükləyir, yeni hərbi eskalasiya üçün zəmin hazırlayırlar. Bu isə öz növbəsində davamlı təxribatlarla müşayiət olunacaq".
Komitə sədri qeyd edib ki, havadarları tez-tez Ermənistanı Azərbaycana qarşı yen-yeni təxribatlara təhrik edəcəklər:
"Bu mənada Azərbaycan Müdafiə Nazirliyinin bir daha xəbərdarlıq edərək, Ermənistan və onun havadarlarını Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq niyyətlərindən çəkinməyə çağırmağı düzgün addımdır. Belə ki, nazirlik bildirib ki, ölkəmizə qarşı təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir və bu halda regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir. Bu, son dərəcə sərt və qəti xəbərdarlıqdır. Ümid edək ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bu xəbərdarlığı rəsmi İrəvanı reallıq hissinə qaytaracaq".
Süleyman