Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilana qayıdışın həsrətini çəkənlərdən biri

Zəngilana qayıdışın həsrətini çəkənlərdən biri
 
Görəsən uşaqların yaddaşı hardan, hansı yaşından başlayır? O yaşlarda uşaqların yaddaşında nələr qalır, necə qalır? Nə qalırsa, tarixdir, yazılmamış bu tarix illər sonra kövrəkliklə xatırlanılır, o xatirələrin əlçatmazlığı ömrün dolaylarındadır...
Natiq Quluzadənin yaddaşında qalanlar da belədir.

1984-cü il iyulun 27-də Zəngilan şəhərində anadan olub. Qurban kişinin öyüdləri ilə ayları il eləyib. Ata öyüdləri qalıb yaddaşında, ağsaqqalların deyimləri, döyüş növbətçiliyinə tələsənlərin yerişi, onları Zəngilanın hüdudlarına uğurlayanların baxışı, mövqelərə can atan yeniyetmələrin duruşu qalıb yaddaşında. Bir də Zəngilanın işğalı günü, Mincivana kimi yollara yağan göz yaşları, göy üzünün göylüyünə yayılan fəryadlar, ağılar, sızıldayan ağrılar qalıb. Bir də Arazı keçəndən az sonra ermənilərin atdığı top mərmisinin İran ərazisinə necə düşdüyü qalıb yaddaşında. İllər sonra xatırlayanda qəhərlənir...

Zəngilan şəhər 1 nömrəli orta məktəbdə təhsil alırdı. 9 yaşı vardı köçkünlüyə düşəndə. Bakıda, Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə, sonra Sabunçu rayonunda İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbdə təhsil alıb. Ayları musiqiyə böyük marağı ilə il eləyib. Sonralar hüquqşünas olmağı qərara alıb. Hansı duyumun təsiriyləsə orta məktəbi bitirəndə, 2002-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinə daxil oub. Müəllim olacaqdı, bu dili şagirdlərinə də öyrədəcəkdi. “Dilimizə böyük sevginin ətəyində bu dili də öyrənin. Unutmayın ki, Ana dili termini var...” deyəcəkdi...
Yaddaşında yaşayan Zəngilana sevgisinin işığı vardı düşüncələrində. Zəngilanı  azad edəcək əsgərlərin sırasında o da olmaq istəyirdi. 2006-cı il iyulun 8-də həqiqi hərbi xidmətə çağırıldı...

Hərbi xidmətdə digər əsgər yoldaşları kimi o da torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlər arzulayıb, o da bu döyüşlərin əsgəri olmaq istəyib....
Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alıb. Həqiqi hərbi xidmət müddəti başa çatanda, 2007-ci  il iyulun 1-də  ehtiyata buraxılıb. Ehtiyatda olan leytenantdır...

Hərbi xidmətdən tərxis edildikdən sonra 2010-cu il noyabrın 30-dək müxtəlif özəl müəssisələrdə işləyib...

Dövlət müəssisələrində işləmək istəyib.
2010-cu il dekabrın 1-də Zəngilan rayon İcra hakimiyyəti aparatında Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsində aparıcı məsləhətçi vəzifəsində dövlət qulluğunda əmək fəaliyyətinə başlayıb. Zəmanəti aldığı təhsil olub, mükəmməl azərbaycançılıq xarakteri olub, Vətənə sevgisi olub, bir də dönməz əqidəsi.  2012-ci ilin iyuluna kimi  həmin vəzifədə işləyib.
İşlədiyi vəzifəni bir vaxtlar necə işğal olunduğunu gördüyü Zəngilanı Zəngilandan uzaqda yaşadanların xidməti hesab edirdi. Özü də, camaat da işğalın sonlanacağına inanırdı. “Ali Baş Komandanın  döyüş əmri ilə torpaqlarımız işğaldan azad olunacaq. Zəngilana qayıdacağıq. Sevdiyimiz Zəngilanı yenidən quracağıq...”, - Natiq belə deyirdi...
2012-ci il avqustun 1-də Zəngilan rayon İcra hakimiyyəti aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə irəli çəkildi. Bu təyinat da dövlətə, dövlətçiliyə sevginin təsdiqi idi; həyatın fəlsəfəsidir: Sevən sevilir.

Natiq Quluzadə təhsili həmişə həyat vəsiqəsi bilib, bu və ya digər sahədə daha inamla işləməyin həm də bu sahə üzrə alınan təhsildən də asılı olduğunu dərk edib. Qərara alıb ki, ali təhsilini genişləndirsin, ali dövlət idarəetməsi üzrə də təhsil alsın. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəçiliyi (regional idarəetmə) fakültəsinə daxil olub. Oxuyub, öyrənib. Öyrəndiklərinin onu kamil mütəxəssis edəcəyinə inanıb. Bu inam dünyəvi inam olub...

1992-ci ilin mayında döyüş mövqelərinə gedənləri görəndə anası Səadət xanımdan soruşardı ki, atalar döyüşə gedir, uşaqlar niyə onlara kömək etmirlər. “Hər yaşın öz hökmü olur, oğul. Siz böyüyənə kimi atalar düşməni bu tərəflərdən qovacaq. Onların yolunu siz davam etdirəcəksiniz. İşdə də, sərhədlərdə də...”, - anasının dediklərini uşaqlığının sabahlarına ana xeyir-duası bilirdi. İkinci ali təhsil aldıqdan sonra zəngilanlılarla daha tez-tez təmasda olduğundan hərdən o söhbəti də xatırlayırdı.

İllər Zəngilana, deməli, Vətənə sevgi ilə ötüşürdü. Natiq Akademiyanı 2016-cı bitirdi, regional idarəetmə ixtisası üzrə magistr dərəcəsi aldı...
Zəngilan İcra hakimiyyətində müxtəlif vəzifələrdə işlədi. Hamısında da işi bəyənilirdi; bilik, məsuliyyət, işə sevgi, üstəlik də bu sevginin amaldan rişələnməsi...

2018-ci il mayın 25-də Natiqə yeni bir etimad göstərildi. Zəngilan rayon gənclər və İdman idarəsinin rəisi vəzifəsinə irəli çəkildi. Azərbaycançılığı təyin olunduğu bütün vəzifələrin “andı” bilən bütün gənclər kimi Natiq də bu etimadı “Ömür Vətən üçündür” qənaəti ilə qarşıladı. Bundan sonra da belə yaşayacaqdır.   

2022-ci il yanvarın 31-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışmaq bir gənc olaraq onu daha da qürurlandırdı. Gənclərin böyük qüvvə olduğunu eşitmişik, buna inanmışıq, bunun qadirliyini də görmüşük. Belə bir təşkilatda işləmək, bu böyük qüvvənin potensialını bütövlükdə, həm də yaradıcı baxımdan dövlətçiliyin möhkəmləndirilməsinə düzgün istiqamətləndirmək böyük məsuliyyət, hərtərəfli bilik, bacarıq, ünsiyyət məharəti və s. tələb edir. Natiq bu təşkilata uğurla başçılıq etdi. Rayonun gəncləri bütün sahələr üzrə öncüllərdən oldu. Biz tələbə olan llərdə bir şüar vardı: Tələbəyəm, mən zamanın tələbiyəm. Natiq tələbə olanda tarix Azərbaycanlı gənclərin çatılan qaşlarını görürdü, düyünlənən yumruğunu görürdü. Ötən əsrin sonlarında Azərbaycanlı gənclərin qaşlarının çatılması, yumruqlarının düyünlənməsi milli-azadlıq hərəkatını kükrətmişdi, imperiyanın dayaqlarını laxlatmışdı, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunmuşdur. Natiqin yaşdaşlarının çatılan qaşları düşmənin işğalçılıq siyasətini dara çəkəcəkdir. Natiq də, onun yaşdaşları da Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrini tam qələbə ilə başa çatdıracaqdır...

İllər təsdiqlədi ki, Natiq Quluzadə kimi vətənsevər gənclər üçün bir amal var: Vətənə xidmət, dövlətçiliyi möhkəmləndirmək. Natiq müəllim belə yaşadı, belə işlədi, belə yaşayır, belə işləyir, belə yaşayacaq, belə işləyəcək...
 Məsul vəzifələrdə işlədiyi dövrdə Natiq müəllim Zəngilana, bu baxımdan dövlətimizə yüksək məsuliyyətlə işləyib. Dövlət qulluğunda işlədiyi illər ərzində dövlət qulluqçusu kimi bir sıra ixtisas dərəcələri  alıb.  Hazırda dövlət qulluğçusunun kiçik müşaviri ixtisas dərəcəsinə malik mütəxəssisdir.

Aqillərdən eşitdiyim bir kəlam var: “Öz işini özün bəyən”. Bu kəlamı Natiqin eşididib-eşitmədiyini bilmirəm, bilirəm ki, o, öz işini özü bəyənə-bəyənə işləyib. Belə olanda iş həmişə bəyənilir...

Natiqlə mənim taleyimdə oxşar məqamlar var. Mən də ingilis dili mütəxəssisiyəm, Natiq də ingilis dili mütəxəssisidir. Mən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Dövlət İdarəçilik Akademiyasını) bitirmişəm, Natiq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını. Mənim də ömrümün bir hissəsi hərbi xidmətdə keçib, Natiq də ali təhsil alan kimi hərbi xidmətə gedib. Mən də zabitəm. Natiq də zabitdir. Mən də komsomolda, Xalq Deputatları Soveti İcraiyyə Komitəsində (indiki icra hakimiyyətində) işləmişəm, Natiq də icra hakimiyyətində işləyib. Mən Milli Məclisdə işləyirəm, Natiq 2022-ci il fevralın 1-dən YAP Zəngilan rayon şöbəsinin sədridir.
Natiq Quluzadənin işi bilavasitə dövlətçiliklə bağlıdır. Bu fəaliyyətin də mahiyyəti vətənsevərlikdir, Vətəni sevdirməkdir; ən böyük vətəndaşlıq borcu Vətəni qorumaqdır, Vətəni sevdirməkdir. Natiq müəllim sevdiyi Vətəni sevə-sevə sevdirir.

YAP-ın ideologiyası dövlətçilikdir, dövlətdir, Vətəndir. Natiq müəllim bu ideologiyanın cəfakeşidir.  Onun ünsiyyətdə olduğuqları müxtəlif yaş qruplarına, müxtəlif sosial mövqeyə malik olanlardır (YAP-ın üzvləri, müharibə və əmək veteranları, şəhid ailələri, qazilər, ziyalılar, gənclər, qalib idmançılar, məktəblilər, aztəminatlı ailələlər, ...). O, hamısı ilə Vətənin daha işıqlı sabahlarından danışır, dövlətçiliyimizin əsgəri olmağın fəzilətlərini xatırladır...
Natiqin natıqlik qabiliyyəti, siyası məsələlərə maraqlı münasibətləri var. Bu haqda yazdığı məqalələr də kifayət qədər düşündürücüdür...

İki qız,iki oğul atasıdır. Övladlarını da Vətənin müqəddəsliyi ilə böyüdür. Bilir ki, davam əvvələ ehtiramdır, davam əvvəlin mahiyyəti ilə tənzimlənməlidir ki, ömür daha gərəkli olsun; Natiq müəllimin həyat fəlsəfəsi həm də bu müddəalardan barınır...

...Yaddaşında bir Zəngilan var. Ora qayıdışın həsrətində olanlardan biri də Natiq Quluzadədir, hamının böyük ehtiramla Natiq müəllim çağırdığı Natiq Qurban oğlu...

“Zəngilana qayıdışın həsrətindəyik...”, - Natiq müəllim belə deyir...
 
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim

 
Xəbəri paylaş