Fransa özünün erməni üzünü göstərməsə Fransa olmaz ki. Ötən gün 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində də biz növbəti dəfə Fransanın erməni üzünü gördük. Belə ki, açılış mərasimini canlı yayımlayan Fransanın "France 2" telekanalı bizim Qarabağı gündəmə gətirərək Olimpiya Oyunlarını siyasiləşdirməyə cəhd etdi.
Olimpiadanın açılışında Ermənistan nümayəndə heyəti paraddan keçərkən "France 2" TV-nin aparıcısı Olimpiya prinsiplərini pozaraq açıq şəkildə Ermənistana və ermənilərə heyranlığını nümayiş etdirdi, "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə" sözlərini dilə gətirərək erməniləri fransızların yaxın dostları adlandırdı, həmçinin Qarabağdakı qondarma, separatçı rejimin süquta uğraması ilə bağlı sərsəm fikirlər səsləndirərək ermənilərlə həmrəylik nümayiş etdirdi.
Lakin həmin aparıcının təxribatları bununla da bitmədi. Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi "Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası" kimi təqdim edərək Olimpiadanın açılışını izləyən milyonlarla insanda ölkəmiz barədə öncədən mənfi rəy formalaşdırmağa cəhd etdi.
Təbii ki, o aparıcı öz sözlərini demirdi. Canlı yayımda səsləndirilən ermənipərəst fikirlər sadəcə həmin aparıcının şəxsi rəyi deyildi. Fransız aparıcının səsləndirdiyi təxribatçı fikirlər əslində ermənipərəst Fransa hökumətinin mövqeyi idi, birbaşa Makronun özünün mövqeyi idi. Aparıcının ermənipərəstliyi ilə Emmanuel Makronun erməni heyranlığının arasında heç bir fərqi yox idi. Bu gün Fransa dövlətinin və prezidentinin anti-Azərbaycan mövqeyi fransız mediasında təzahür edir.
Fransa telekanalının aparıcısı siyasəti Olimpiya prinsiplərindən önə keçirərək açıq-aşkar qərəzlilik nümayiş etdirdi və dünya miqyaslı idman tədbirini ermənilərin xeyrinə siyasiləşdirməyə cəhd göstərdi. Biz bu təxribatı qəti şəkildə pisləyirik və Beynəlxalq Olimpiya Komitəsini (BOK) "France 2" telekanalının yol verdiyi təxribata adekvat reaksiya verməyə çağırırıq. Fransanın Olimpiada kimi qlobal idman tədbirini özünün geosiyasi maraqlarının alətinə çevirməsinə göz yumulmamalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri