Amerikanın Ermənistan əsgərlərinə təlim keçməsi Ukrayna əsgərlərinə eyni təlimin verilməsi ilə eyni mahiyyət daşıyır. Mahiyyət ondan ibarətdir ki, Ukrayna Rusiya qarşısında zəif durumda olduğu kimi Ermənistan da Azərbaycan qarşısında zəif durumdadır. Ukraynada Amerika demokratik hakimiyyətin yanında olduğu kimi Ermənistanda da demokratik hakimiyyətin yanındadır. Görünən odur ki, Rusiya və Azərbaycan mahiyyətcə avtokratik dünyanın, Ukrayna və Ermənistan demokratik dünyanın tərəflərini təşkil edirlər.
Ukrayna əsgərinə təlim hücum üçün verildiyi kimi, Ermənistan əsgərinə də təlim hücum üçün verilir.
Ermənistanın silahlandırılması Azərbaycanın onların fikrincə işğal etdiyi Gorus, Kafan istiqamətindəki yüksəkliklərdən çıxarılması üçündür. Hesab etməyək ki, Ermənistan ağlını o qədər itirib ki, Azərbaycana hücum edəcək.
Bu, qısa müddətli plan üzrə güclü artileriya zərbəsindən sonra yüksəklikləri ələ keçirmək və Ermənistanın sərhəddi hesab olunan ərazilərə çıxmaq məqsədi daşıyır. Azərbaycan ordusu əks hücuma keçənə, dəstək gələnə kimi bütün əks diplomatiya işə düşəcək. Azərbaycana ABŞ, Aİ və s. rəsmiləri axın edib, bizə əks hücuma keçməyə imkan verməyəcəklər. Beləcə qısa müddətdə Azərbaycan bu müharibədə məğlub sayılacaq.
Buna üçüncü Qarabağ müharibəsi adı qoyub, Ermənistan ordusunun və tərəfdaşlarının qələbəsi donu geyindirib bütün dünyada təbliğat aparacaqlar. Sonra isə sülh bağlamaq asan olacaq. Biz, nə etməliyik onu fikirləşməliyik.
Azər Qasımov, ƏHD Partiyası sədrinin müşaviri