Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün tərəflər arasında müntəzəm olaraq görüşlər keçirilsə də, lakin hələlik ortada real sülh müqaviləsi yoxdur. Bir sıra hallarda isə Ermənistanın yenidən silahlanmaya meyilli görünməsi sülh istiqamətində indiyə qədər gəlinən yola əngəl yaradır.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanla Azərbaycan arasında müəyyən fasilədən sonra danışıqlar prosesi bərpa edilib. Onun sözlərinə görə, artıq delimitasiya və demarkasiya işi ilə bağlı razılaşma əldə edilib:
"Böyük Britaniyada Azərbaycan-Ermənistan liderlərinin bir araya gələ bilməməsi kifayət qədər gərginliyə səbəb olmuşdur. ABŞ və Türkiyənin birgə kordinasiyalı fəaliyyəti ikitərəfli danışıqların yenidən başlanmasını mümkün etdi.
Xüsusilə, Türkiyə ilə Ermənistan arasında xüsusi elçilər vasitəsilə danışıqlar gedir. Bu proses paralel olaraq Azərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələrin normallaşmasına müsbət təsir edəcək".
Politoloq deyib ki, ABŞ Fransanın Cənubi Qafqazda eskalasiya siyasətinə qarşıdır:
"Qeyd edim ki, Ermənistan tərəfinin Türkiyə və Azərbaycanla yenidən danışıqlar masasına oturması Vaşinqtonun N. Paşinyana təlimatı əsasında həyata keçirilir. Çünki, danışıqlar baş tutmasa, proses Rusiyanın maraqlarına cavab verəcək".
Süleyman