Bəzi siyasi dairələr öz ənənələrinə sadiq qalaraq yenə də növbədənkənar parlament seçkilərində iştirakdan imtina edərək seçkiləri boykot etmək qərarına gəliblər. Onların bu qərarı cəmiyyətin müxtəlif təbəqələrində haqlı olaraq etiraz doğurub.
Newscenter.az-ın xəbərinə görə, "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, boykot seçki mübarizəsindən yayınmaq, öz gücünə, qüvvənə güvənməmək deməkdir:
"Digər tərəfdən istənilən siyasi qüvvənin mənəvi borcudur ki, ölkədə keçirilən bu və ya digər seçkilərdə iştirak etsin, öz gücünü cəmiyyətə göstərsin. Ancaq təəssüflər olsun ki, bəzi siyasi qüvvələr yenə də sivil mübarizə yolundan yayınaraq boykot taktikasını seçiblər. Bu taktika seçkilərdən məğlub durumda ayrılmağı ört-basdır etmək üçün atılan addımdır".
Arzuman Muradlı deyib ki, növbədənkənar parlament seçkilərini boykot edən siyasi qüvvələr cəmiyyət tərəfindən dəstək görmədikləri üçün onların boykot taktikası da effektsiz olacaq:
"Kimin seçkilərdə iştirak etməməsindən asılı olmayaraq düşünürəm ki, növbədənkənar parlament seçkiləri yüksək seçici fəallığı ilə, azad və demokratik şəraitdə baş tutacaq".
Süleyman