“Hər bir xalqın dili onun milli sərvətidir. Bu baxımdan Azərbaycan dilini də Azərbaycan xalqının milli sərvəti hesab etmək olar. Tarixi köklərə, yüz illiklərə bağlı olan Azərbaycan dili öz saflığı, müqəddəsliyi ilə seçilir. Hər birimiz dilimizin qorunmasında maraqlı olmalı və buna əməl etməliyik”.
Newscenter.az xəbər verir ki, bunu “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birik sədri deyib ki, dilimizin qorunub saxlanılması, onun inkişaf etdirilməsində ümumilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Heydər Əliyevin 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladığını xatırladan Arzuman Muradlı Ulu Öndərin hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrdə də bu istiqamətdə tarixi qərarlar qəbul etdiyini diqqətə çatdırıb. Bildirib ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması həmin dövr üçün olduqca cəsarətli addım idi və bunu da məhz Heydər Əliyev etmişdi:
“Müstəqillik illərində, Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu”.
İctimai Birlik sədri deyib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev də dilimizin qorunması, onun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar bunun əyani sübutudur.
Süleyman