"İkinci Qarabağ müharibəsi 4 ildir bitsə də, lakin Ermənistanın mina terroru hələ də davam edir. Bu gün Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində xidməti vəzifələrini icra edən üç nəfər mülki şəxs və bir hərbi qulluqçumuz yaralanıb. Maraqlıdır ki, 30 ildən çox işğal altında qalan sözügedən Qızılhacılı kəndi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı cari il aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılıb. Və delimitasiyadan sonra bizim istehkamçılarımız ərazidə axtarış işləri aparıb, minaları zərərsizləşdiriblər. Lakin görünən budur ki, Ermənistan tərəfi hətta delimitasiyadan sonra belə, yenə öz çirkin əməllərindən əl çəkmir, mülki vətəndaşlarımıza və hərbçilərimiə qarşı mina terrorunu davam etdirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, “Sülh” demaqogiyası ilə məşğul olan Paşinyanın rəhbərlik etdiyi revanşist Ermənistan tərəfindən postmüharibə dönəmində gizli şəkildə ərazilərimizdə basdırılan minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə ciddi təhdidlər yaradır:
"Belə ki, 2020-ci ildə 10 noyabr Bəyannaməsinin imzalanmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 376 nəfərə çatıb. Bu şəxslərdən 69 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin isə əksəriyyəti şikəst olub. Lakin Ermənistanın xalqımıza qarşı mina terrorunu davam etdirməsinə göz yumulur. Beynəlxalq ictimaiyyəti mina qurbanlarımızın sayının artması, deyəsən, elə də ciddi şəkildə narahat etmir.
Halbuki beynəlxalq ictimaiyyət bu təhlükənin aradan qaldırılması üçün dərhal hərəkətə keçməli, Ermənistana qarşı təsirli tədbirlərinin görülməsi üçün bütün zəruri addımları atmalıydı. Ancaq biz nədənsə, Ermənistana havadarlıq və lobbiçilik edən amerikalı konqresmenlərin, fransalı senatorların, Avropa Parlamentinin ermənipərəst deputatlarının səsini eşitmirik".
Komitə sədri deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hər dəfə növbəti erməni minası partlayanda, Ermənistanın havadarları susmağa üstünlük verir:
"Cozef Borrel kimi qatı anti-Azərbaycan mövqeli şəxslər bəlkə də Ermənistanı azərbaycanlı əhalinin həyat və sağlamlığına təhlükə yaradan əməllərindən çəkindirmək əvəzinə, mina terrorunun davam etdirilməsinə gizli şəkildə “xeyir-dua” verirlər. Bəli, bu iblislərdən hər cür pislik gözləmək mümkündür".
Süleyman