Fransanın Azərbaycana qarşı düşmən münasibəti davam edir. Xüsusilə, İkinci Qarabağ Müharibəsindən sonra bu yanaşma özünü daha qabarıq şəkildə göstərməyə başlayıb.
Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, Fransa Prezidenti Emmuanel Makronun ikiüzlülüyü yenə özünü biruzə verdi:
"Makron Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyini bərpa etdikdə ölkəmizə qarşı diplomatik müharibəyə başladı, təxirbatçı açıqlamalar verdi, BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı sənədin müzakirəsinə çalışdı. Makron Qərbi Sahara ilə bağlı mübahisədə isə Mərakeşin muxtariyyət planına dəstək verdi".
Politoloq deyib ki, halbuki, qonşu Əlcəzair Qərbi Saharada müstəqilliyə yol açan referendum tələb edirdi:
"Yəni bizim bölgə ilə paralellər aparsaq Mərakeş Azərbaycandır. Ancaq Makron Azərbaycanda erməni separatizmini dəstəklədi, Mərakeşdə isə separatizmin əleyhinə çıxdı, bu ölkənin ərazi bütövlüyünün vacibliyini vurğuladı. “Qərbi Saharanın bu günü və gələcəyi Mərakeşin suverenliyi çərçivəsindədir” deyən Makron Cənubi Qafqazda bunun əksini həyata keçirməyə çalışdı, alınmadı".
Anar Əliyev