"Türkiyənin Azərbaycana olan mövqeyi, yanaşması dəyişməz olaraq qalır. Qardaş ölkə Azərbaycan-Ermənistan məsələsində işğal faktından əvvəl hansı mövqedə idisə, bu gün də eyni mövqeni sərgiləyir və Ermənistanla sərhədlərin yalnız Bakı ilə İrəvan arasında münasibətlərin normallaşacağı təqdirdə açıla biləcəyini açıq şəkildə ifadə edir".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı son günlər Türkiyə-Ermənistan sərhədlərinin yaxın günlərdə açılacağı barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. İctimia Birlik sədri qeyd edib ki, Türkiyə rəsmiləri Ermənistanla sərhədlərin bu ölkə ilə Azərbaycan arasında münasibətlərin normallaşacağından sonra mümkün olacağını bildiriblər:
"Elə Türkiyənin xarici işlər naziri Hakan Fidan da bildirib ki, münasibətlərin normallaşacağı təqdirdə Ankara da perspektiv üçün müəyyən ssenari hazırlayacaq. Nazir əlavə edib ki, yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənistanla sərhədi aça bilərik”.
Arzuman Muradlı onu da qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması isə sülh müqaviləsinin imzalanmasından keçir:
"Hələlik isə Ermənistan sülh müqaviləsinin imzalanmasına maraqlı görünmür. Əgər Ermənistan buna maraqlı olsaydı, o zaman öz konstitusiyasında dəyişiklik edərdi. İndiki halda Ermənistan bu addımı atmadığı üçün, sülh müqaviləsinin imzalanması da yubanır. Bu da onu demıəyə əsas verir ki, avtomatik olaraq Türkiyə-Ermənistan sərhədinin açılması da hələlik baş tutmayacaq".
İctimai Birlik sədri onu da deyib ki, zaman-zaman sərhəd məsələsindən istifadə edərək iki qardaş ölkə, Azərbaycanla Türkiyə arasında inciklik, narazılıq yaratmağa çalışıblar:
"Ancaq sevindirirci hal ondan ibarətdir ki, nə Azərbaycan. nə də Türkiyə cəmiyyəti bu cür təxribat xarakterli məlumatlar paylaşaraq iki qardaş ölkə arasında inciklik yaratmaq istəyənlərə fürsət verməyib və bundan sonra da verməyəcək".
Süleyman