Ermənistandan (Qərbi Azərbaycandan) sonuncu azərbaycanlıların qovulmasının 33-cü ili də tamam oldu. Lakin beynəlxalq ictimaiyyət 33 il öncə ermənilər tərəfindən zorakılığa və deportasiyaya məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmin edilməsi, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, bu tarixi ədalətsizliyə son qoyulması üçün hazırkı Ermənistan rəhbərliyinə ciddi təzyiqlər göstərilməsi, deportasiyanın ideya müəlliflərinin və icraçılarının ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində hələ də öz üzərinə düşən vəzifəni yerinə yetirməyə tələsmir.
Ermənistanın millətçi hakimiyyət orqanlarının Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqust ayının 8-də öz doğma yurdlarından çıxarmasından sonra orada bir nəfər də olsun azərbaycanlı qalmayıb. 1987-ci ildən başlayan və bütün qərbi azərbaycanlıların qovulması ilə nəticələnən bu faciəli deportasiyadan sonra Ermənistan tam olaraq monoetnik (yəni tək millətdən, yalnız ermənilərdən ibarət) bir dövlətə çevrildi. Lakin əfsuslar olsun ki, Ermənistanın havadarları (Fransa, ABŞ, Avropa İttifaqı) bu faktoru görməzdən gəlir və Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilərin “vəkil”i rolunda çıxış etməyə üstünlük verirlər.
300 min qərbi azərbaycanlının qayıdış hüququ bu gün heç kimin (nə BMT və Aİ-nin, nədəki Ermənistanın havadarlarının) yadına düşmür. Qərb təşkilatlarının gündəmində yalnız Qarabağı tərk etmiş ermənilərin hüquqları əsas diqqət mərkəzindədir. Ermənistanın irqi ayrı-seçkilik zəminində həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində qaçqına çevrilmiş yüzminlərlə azərbaycanlıların fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi haqda düşünmək isə bu gün beynəlxalq ictimaiyyət üçün prioritet sayılmır. Elə bu faktın, bu laqeydliyin özü də Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımıza qarşı diskriminasiyanın bir təzahürüdür.
Ona görə də biz bu gün beynəlxalq ictimaiyyətin hərəkətə keçəcəyinə və ədalətli mövqe sərgiləyəcəyinə əsla inanmırıq. Ancaq qərbi azərbaycanlıların hüquqları nəyin bahasına olursa-olsun bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsini və beynəlxalq hüququn təmin edilməsini özü həyata keçirdiyi kimi soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını da inşAllah özü təmin edəcək. Prezident İlham Əliyevin bəyan etdiyi kimi biz Qərbi Azərbaycana, Zəngəzura tanklarla yox, minik maşınları ilə qayıdacağıq. Əminik ki, gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri