24 saylı Nizami birinci seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd Könül Nurullayeva sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasına start verib.
Newscenter.az xəbər verir ki, kampaniyanın birinci günündə Könül Nurullayeva, öncə, Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına, o cümlədən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidəyə baş çəkib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla yad edən K.Nurullayeva, onların müqəddəs ruhuna dualar oxuyub.
Könül Nurullayeva sonra O.Vəliyev küçəsi 1 ünvanında yerləşən Mədəniyyət evində 24 saylı Nizami birinci seçki dairəsi üzrə seçiciləri ilə ilk görüşünü keçirib. Qeyd edək ki, görüş zamanı K.Nurullayeva fikir və təkliflərini öz seçicilərinin diqqətinə çatdırıb, eyni zamanda qarşı tərəfin müraciətlərini və onları narahat edən problemləri dinləyib.
Könül Nurullayeva, həmçinin Nizami rayonu üzrə bir sıra məhəlli görüşlər də keçirib. Belə ki, M.Şərifli küçəsi 84, 86, 88, 90, 92, Q.Qarayev prospekti 71 və 73 ünvanlarına baş çəkən Könül Nurullayeva, burada vətəndaşları narahat edən məsələlərlə yerindəcə maraqlanıb.
"Bütöv və güclü Azərbaycan üçün birlikdə irəli!" şüarı ilə qarşıdan gələn seçkilərdə iştirak edəcək K.Nurullayeva, artıq ona doğma olan Nizami rayon sakinləri üçün bundan sonrakı dövrdə də var gücü ilə çalışacağını vurğulayıb.
R.Mehdiyeva