Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətlərinin daha sıx birləşməsi Prezident İlham Əliyev üçün prioritet məsələlərdən biridir

Türk dövlətlərinin daha sıx birləşməsi Prezident İlham Əliyev üçün prioritet məsələlərdən biridir


Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının zirvə toplantıları artıq ənənə halını alır. Bu, geosiyasi proseslərə təsir etmək baxımından olduqca mühüm tendensiyadır. Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü də bu tendensiyanın davamıdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışının əvvəlində ötən il Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvətilə Düşənbədə keçirilən zirvə görüşündə iştirakını xatırladaraq qeyd edib ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Dövlətimizin başçısı onu da qeyd edib ki, onun bu zirvə toplantısında iştirakı ümumilikdə son iki ildə Mərkəzi Asiya ölkələrinə 16-cı səfərinin göstəricisidir və bu müddət ərzində Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri də öz növbəsində Azərbaycanı 15 dəfə ziyarət ediblər. Bu da onu göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Cənab Prezident çıxışında Özbəkistan, Qazaxıstan və Qırğızıstan liderlərinə Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstəyə görə təşəkkürünü bildirib, bunu qardaşlıq münasibətlərinin təzahürlərindən biri kimi dəyərləndirib: “Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm”.

Azərbaycan lideri hazırda dünyada təhdid və çağırışların artması faktına da toxunub və bildirib ki, bütün bunlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi birgə fəaliyyət baxımından önəmli addımdır. Eləcə də Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir. Birliyimizi möhkəmləndirən, əməkdaşlığımızı dərinləşdirən bu cür kollektiv fəaliyyətlərin əhatə dairəsini sözsüz ki, daha da genişləndirmək lazımdır.

Dövlət başçımız Azərbaycan və Mərkəzi Asiya ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiklərini də vurğulayıb. Bu əməkdaşlığın və həmrəyliyin uğurla formalaşması isə bir çox hallarda məhz Azərbaycan liderinin fəal diplomatiyası, siyasi iradəsi sayəsində mümkün olub. Bunun nəticəsidir ki, bu gün TDT-nin (Türk Dövlətləri Təşkilatı) üzvü olan Mərkəzi Asiyanın türk dövlətləri demək olar ki, bütün aktual məsələlərdə Azərbaycan və Türkiyə ilə ortaq mövqe və siyasi birlik nümayiş etdirir, bir-birinə dəstək verirlər.

Türk dövlətlərinin daha sıx birləşməsi Prezident İlham Əliyev üçün prioritet məsələlərdən biridir. Fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında Prezidentimizin Türk dünyası ilə bağlı səsləndirdiyi birlik mesajları hamımızın yadındadır. İlham Əliyev həmin çıxışında bəyan etdi ki, bizim ailəmiz Türk dünyasıdır: “Biz özümüzü burada çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Türk dünyasının liderləri Azərbaycan Prezidentinin birlik, həmrəylik istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirirlər. Azərbaycan liderinin Mərkəzi Asiyanın Dövlət Başçılarının zirvə toplantılarına dəvət olunması da yüksək qiymətin təzahürüdür. Şübhəsiz ki, bu cür birgə toplantılar ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da güclənməsinə və gələcək inkişaf üçün işbirliyimizə təkan verir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Xəbəri paylaş