Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə qədim dövrə aid Skilla heykəl nümunələri tapıldı

Türkiyədə qədim dövrə aid Skilla heykəl nümunələri tapıldı


Türkiyənin Qərbi Anadolu bölgəsindəki arxeoloji abidələri ilə məşhur olan Dənizlinin Laodikeya bölgəsində Skilla qrupuna aid qədim dövrə aid olan heykəllər tapılıb.

Newscenter.az xəbər verir ki. Ellinizm dövrünün barokko üslubunu əks etdirən bu qeyri-adi heykəllər yaxşı qorunub saxlanılan orijinal rəngi və bədii üslubları ilə seçilir. Laodikeya qazıntıları Anadolunun arxeoloji irsini qorumaq və gələcək nəsillərə ötürmək məqsədilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Gələcəyə Miras” layihəsinin bir hissəsidir.

Qeyri-adi orijinal heykəllər

Türk arxeoloqları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Laodikeyadakı Qərb Teatrının səhnə binasının bərpası zamanı Skilla heykəltəraşlıq nümunələrini aşkar ediblər. Heykəltəraşlıq qrupuna insan yeyən canavar Skillanın başı və əli, Odisseyin cəsədi, vəhşi itlərin hücumuna məruz qalaraq öldürülən yoldaşlarının iki üst bədən heykəli və Odisseyin gəmisinin burnu daxildir.

Skilla heykəltəraşlıq nümunələri eramızdan əvvəl 2-ci əsrin əvvəllərində heykəltəraşlar Athanadoros, Haqesandros və Rodoslu Polidoros tərəfindən yaradılıb. Erkən Roma dövrünə aid bu heykəltəraşlıq nümünəsinin yeganə nüsxəsi (imperator Tiberiusun yay villasında) 1957-ci ildə İtaliyanın Sperlonqa şəhərində bir mağaranın qarşısında aşkar edilmişdi. Laodikeya Skilla heykəltəraşlıq nümunələri İmperator Avqustun dövrü (e.ə. 27 – eramızın 14-cü ili) bu günə qədər tapılmış ən qədim heykəllərdir. Onlar həm də boyaları, üslubu, estetikası və bədii keyfiyyəti ilə orijinallığını qoruyub saxlayıb. Məsələn, Skilla başının barokko üslubunda işlənməsi, Skillanın avarda tutduğu boya, Skilla itlərinin hücumuna məruz qalan fiqurun üzündəki ağrının realist ifadəsi dünyada bənzəri olmayan mükəmməl nümunələrdir.

Bu heykəltəraşlıq nümunələri, güman edilir ki, qədim zamanlarda Qərb teatrının səhnə binasının ikinci mərtəbəsində nümayiş etdirilib. Məhz buna görə bu heykəltaraşlıq nümünələri orijinal xüsusiyyətlərini qoruyub saxlayıb. Bundan əlavə, məlum olur ki, ilin müəyyən günlərində bu heykəltəraşlıq nümunələri səhnədə nümayiş etdirilərkən bir nağılçı (Rhapsodos) Homerin ölməz əsəri olan “Odisseya”nı teatrda tamaşaçılara oxuyurdu. Qrupdakı heykəllərin bəziləri toxunulmaz qaldı, digərləri isə bütpərəstlikdən xristianlığa keçid səbəbiylə sındırılaraq səhnə arxası otaqlara atıldı.

Skillanın mifoloji hekayəsi

Homerin “İliada” və “Odisseya”sı antik dövrün ən mühüm ədəbi əsərlərindəndir. “İliada” Troya müharibəsi hadisələrindən bəhs edərkən, “Odisseya” İtaka kralı Odisseyin on ildən sonra vətəninə qayıtmasından bəhs edir. Rəvayətə görə, aheylər Odisseyin ağlı və hiyləsi sayəsində Troya müharibəsində qalib gəldilər və onun evə dönüş səfəri çoxlu macəralarla dolu idi. Odisseydə Odissey və dəniz canavarı Skilla arasındakı qarşılaşma mühüm əhəmiyyət kəsb edir. Skilla Messina boğazında (İtaliya sahillərində) pusquda yatan qadın bədəni vəhşi itlərlə əhatə olunmuş dəniz canavarı kimi təsvir edilmişdir. Odisseyin gəmisi bu canavarın pusquda dayandığı mağaranın qarşısından keçərkən itlər hücum edərək Odisseyin altı yoldaşını (Stesios, Ormenios, Anximos, Ornitos, Sinopos və Amfinomos) vəhşicəsinə parçalayırlar.

Laodikeya: Dənizlinin qədim mirası

Müasir Dənizlidən bir neçə dəqiqəlik şimalda yerləşən Laodikeya, Selevkilər Kralı II Antiokus Teos tərəfindən qurulmuş və həyat yoldaşı Kraliça Laodikenin şərəfinə adlandırılıb. Tarixin ən böyük ticarət mərkəzlərindən biri kimi tanınan və görməyə dəyər bir şəhərdir. Laodikeya xristian dünyası üçün də böyük əhəmiyyət kəsb edirdi. Əhdi-Cədiddə adı çəkilən Yeddi Kilsənin ən qədim nümunələrindən biri olan Laodikeyan Kilsəsi, erkən Şərqi Roma dövründə şəhər metropoliten səviyyəsində dini mərkəz kimi qurulmuşdur. Laodikeya bu gün Pamukkaleyə yaxın olması ilə də diqqət çəkir. Antik şəhəri gəzdikdən sonra eyni ərazidə bulud sahəsinə bənzəyən travertinlər və qədim Hierapolis şəhərinin göründüyü Pamukkaleyə gedə bilərsiniz. YUNESKO-nun Dünya İrsi Saytları olan Pamukkale Travertenləri və Hierapolis Qədim Şəhəri təbii və mədəni irsin möhtəşəm nümunələridir.
Xəbəri paylaş