"Zəngəzur dəhlizinin geosiyasi oyunlar meydanına çevriləcəyi mahiyyətcə tarixi zərurət idi. Yüz il öncə Qərbi Zəngəzurun mahiyyəti nə idisə, indi onun ikiqatıdır".
Newscenter.az xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib. Onun sözlərinə görə, yüz il öncə bu ərazi türk dünyasının arasında baryer kimi yaradılmışdısa, indi bu məsələ nisbi olaraq öz aktuallığını qoruyur:
"Əsas məsələ nəqliyyat dəhlizi kimi ona nəzarət mahiyyəti daşıyır. Azərbaycanın Zəngəzur dəhlizi məsələsindən geri çəkilməsi taktiki addım olmaqla yanaşı, geosiyasi mübarizənin gərgin məqamında bu problemi həll etmək məsələsini regionda marağı olan güclərin öhdəsinə buraxır. İran, Rusiya, ABŞ və Fransa bizim yerimizə mübarizə aparacaqlar. Biz isə kənardan oyunun nəticəsini gözləyəcəyik, eyni zamanda, hamı ilə əlaqələrimizi də qoruyub saxlayacağıq".
Politoloq hesab edirəki, ABŞ əsgərinin əraziyə daxil olması isə bilavasitə Azərbaycan və ABŞ arasında olan danışığın nəticəsidir:
"Ermənistan burda alətdir. Ancaq indiki məqamda ABŞ İranın dəhlizin açılmasına olan etirazlarının qarşısını ala bilər. Azərbaycan üçün dəhlizə kimin nəzarət etməsinin fərqi yoxdur. Əsas odur ki, dəhliz açılsın. Onsuz da son nəticədə Azərbaycanın şərtlərini nəzərə almağa məcbur olacaqlar".
Anar Əliyev