Könül Nurullayeva seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Nizami rayonundan olan fəal gənclərlə keçirib. Deputat Qərargahından verilən məlumata görə, görüş zamanı Azərbaycanın hər bir guşəsində keçiriləcək seçkilərin, eyni zamanda səsvermə hüququndan istifadənin cəmiyyətimiz üçün əhəmiyyətinə toxunulub.
Könül Nurullayeva gələcəyimiz olan gənclərlə bir arada, onlara dəstək olmaqdan məmnunluq ifadə edib. "İnanıram ki, dövlətimizin inkişafı üçün ən önəmli faktorlardan olan gənclərimizin vətənpərvər ruhda böyüməsi və təhsilli olması bizi parlaq gələcəyə doğru aparacaq", - deyə o, əlavə edib.
Newscenter.az xəbər verir ki, daha sonra Nizami rayonu A.Manafov 5 və Özbəkistan küçəsi 6 ünvanlarında yaşayan seçiciləri ilə görüş keçirən Könül Nurullayeva, onların problemləri ilə yaxından maraqlanıb. O, həmçinin 2020-2024-cü illər üzrə deputatlıq fəaliyyətindən bəhs edib.
Könül Nurullayeva Nizami rayonundan olan şəhidlərin ailə üzvlərini də daim diqqət mərkəzində saxlayır. Belə ki, K.Nurullayeva Vətən müharibəsi şəhidi Cavid Manafovun anası Natavan xanım və qardaşı Cahada baş çəkərək onlarla söhbətləşib. Eyni zamanda şəhid Alı Həsənlinin atası Nofəl kişini və Ramilə xanımı ziyarət edən Könül Nurullayeva, onlarla fikir mübadiləsi aparıb. Qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əzizlərinə diqqət göstərmək, onların problemlərinin həllinə çalışmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Könül Nurullayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 21A, mənzil 31 və Nəsimi küçəsi 29, mənzil 48 ünvanlarında yaşayan seçiciləri Oruc Haqverdiyev və Nərgiz Məmmədovanın da evini ziyarət edib. Görüş zamanı ev sahibləri ilə yanaşı, qonşularla da səmimi söhbət edən K.Nurullayeva, onları narahat edən məsələlərlə yaxından tanış olub, fəaliyyəti ilə bağlı onları məlumatlandırıb.
Könül Nurullayeva, həmçinin Qara Qarayev prospekti 39, mənzil 52-də yaşayan seçicisi Tahirə Məmmədovanın evinə baş çəkib. Ziyarəti zamanı daun sindromlu gəncimiz Yeganə Əmrəliyeva ilə yaxından maraqlanıb.
Qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımız dövlətimizin qayğısı ilə əhatə olunub. "Daun sindromlu həmvətənlərimizin inkişafına, onların cəmiyyətə inteqrasiyasına töhfə vermək ihər birimizin mənəvi öhdəliyidir", - deyə o, sonda əlavə edib.
R.Mehdiyeva