Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlığa namizəd Susana Məmmədova Boyat kənddə seçicilərlə görüşüb

Deputatlığa namizəd Susana Məmmədova Boyat kənddə seçicilərlə görüşüb


1 sentyabr, 2024-cü il tarixdə ölkədə keçiriləcək parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunun Boyat kəndində seçicilərlə görüşüb.

Newscenter.az xəbər verir ki, Boyat kənd Diyarşünaslıq Evinin qarşıısnda baş tutan görüşdə seçicilər kənddə mövcud olan problemləri dilə gətirib, həmin problemlərin həlli məqsədilə Susana Məmmədovadan yardım istəyiblər. Vətəndaşlar əsasən yolların bərbad vəziyyətdə olması, məktəblərdə istilik sistemlərinin işləməməsi, işsizlik, səhiyyə xidmətlərinin istənilən səviyyədə olmamasından şikayətləniblər.

Deputatlığa namizəd Susana Məmmədova seçicilərin qaldırdıqları problemlərin əksəriyyətinin seçki platformasında yer aldığını diqqətə çatdırıb və qaldırılan digər problemlərin də qeydiyyata alınaraq həmin istiqamətlərdə də deputat seçiləcəyi təqdirdə müvafiq qurumlarla əlaqəli şəkildə müəyyən işlər görəcəyini deyib.

Susana Məmmədova Neftçala sahib çıxmağın zamanının yetişdiyini diqqətə çatdırıb. O bildirib ki, dövlət, dövlət başçısı səviyyəsində respublikanın hər bir bölgəsi kimi Neftçalada da bir çox işlərin görüldüyünü deyib və eyni zamamda hələ də müəyyən problemlərin mövcud olduğunu dilə gətirib:

"Etiraf edək ki, Neftçalada bir çox problemlər vardır və onların həlli çox vacibdir. Xüsusilə də sizlərin qaldırdıqlarınız problemləri qeyd etmək istərdim. Qış aylarında, soyuq havada istilik sistemi olmadan keçirilən dərslərdən hansı keyfiyyəti gözləmək olar? Bununla təhsilin inkişafından necə danışa bilərik? Yaxud, bu gün gənclərimiz işsizlikdən əziyyət çəkirlər. Günlərini çayxanalarda, parklarda keçirməklə başa vururlar. Yaxud pis vərdişlərə düçar olur, qeyri-sağlam mühitə düşürlər. Belə olan təqdirdə hansı sağlam gənclikdən danışmaq olar. Bir sözlə problemlər çoxdur, ancaq biz bir olsaq, Neftçalanın problemlərini bilən, həmin problemləri öz problemi kimi görən namizədə etimad göstərsək o halda doğma rayonumuzu inkişaf etdirə, onun simasını müsbətə doğru dəyişə bilərik. Ona görə də sizlərin hər birini sentyabrın 1-də seçki məntəqələrinə gələrək səsvermədə fəal iştirak etməyə və Neftçalanın inkişafı üçün daha layiqli namizədə səs verməyə çağırıram".

Qeyd edək ki, deputatlığa namizəd Susana Məmmədovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.



Anar Əliyev
Xəbəri paylaş