Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu cür səfərlər Türk dünyasının birlik və həmrəyliyinin güclənməsində mühüm rol oynayır

Bu cür səfərlər Türk dünyasının birlik və həmrəyliyinin güclənməsində mühüm rol oynayır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistana dövlət səfəri edəcək. Dövlət səfəri işgüzar səfərlərdən tam fərqli formata və mahiyyətə malik olur. Bu baxımdan sözügedən səfər hər iki ölkə - həm Azərbaycan, həm də Özbəkistan üçün mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində paytaxt Daşkənd şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın birinci iclası və yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. İclasın gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxildir.

Eləcə də qarşılıqlı ticarət dövriyyənin artırılması, kooperativ layihələrinin yeni portfelinin yaradılması, işgüzar əlaqələrin inkişafı, o cümlədən bölgələrarası birja, nəqliyyat-kommunikasiya potensialının açılması, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi və digər aktual məsələlər də liderlərin diqqət mərkəzində olacaq. Bu müzakirələrin məntiqi davamı olaraq Azərbaycan və Özbəkistan liderlərinin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü də nəzərdə tutulub.

Bir sözlə, Prezidentin dost və qardaş Özbəkistana səfərinin proqramı kifayət qədər geniş və çoxşaxəlidir. Bu da Azərbaycan-Özbəkistan əlaqələrinin son vaxtlar daha da sürətlə inkişaf etməsindən qaynaqlanır. Azərbaycan-Özbəkistan əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin səyləri, təşəbbüsləri sözsüz ki, həlledici rol oynayır. Liderlərin qarşılıqlı səfərləri və bu səfərlər zamanı əldə olunan razılaşmalar da Azərbaycan-Özbəkistan əlaqələrinin yeni mərhələyə yüksəlməsinə təkan verib.

Bu gün hər iki ölkə öz bölgəsinin – Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın lider dövləti, aparıcı gücləri hesab olunur. Bu iki sürətlə böyüməkdə və inkişaf etməkdə olan gücün sıx əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiyanın sabitlik və tərəqqi vahəsinə çevrilməsinə zəmin yaradır. Üstəlik, hər iki ölkə Türk Dövlətləri Təşkilatında (TDT) da mühüm çəkiyə malikdir. Belə ki, Azərbaycan və Özbəkistan iqtisadi baxımdan Türk dünyasının ən böyük potensiala malik ölkələri hesab olunur.

Özbəkistan TDT-nın fəal üzvlərindən biridir və Prezident Şavkat Mirziyoyev də elə bu yaxınlarda (iyulun 5-6-da) Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Şuşa Zirvəsi dost və qardaş ölkələrlə münasibətlərimizi daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin hazırkı səfəri isə Azərbaycanın istər Özbəkistanla, istərsə də Mərkəzi Asiyanın digər dövlətləri ilə əməkdaşlığının daha da genişlənməsinə ciddi töhfələr verəcək. Bu cür səfərlər ümumən bütün Türk dünyasının birlik və həmrəyliyinin güclənməsində mühüm rol oynayır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş