1 sentyabr, 2024-cü il tarixdə ölkədə keçiriləcək parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.
Newscenter.az xəbər verir ki, deputatlığa namizədin seçicilərlə növbəti görüşü Yuxarı Qaramanlı kəndində olub. Əvvəlcə Susana Məmmədova və onu müşayiət edən şəxslər kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, abidənin önünə tər qərənfillər düzüb və onların ruhuna dualar oxuyub
Daha sonra görüş Yuxarı Qaramanlı kəndindəki mədəniyyət evinin qarşısında davam edib. Seçicilərə platforması, deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verən Susana Məmmədova əsas prioritet kimi şəhid ailələri və qazilərin diqqət mərkəzində saxlanılacağını, onların problem və qayğılarının daim öyrənilib həll ediləcəyini vurğulayıb. Deputatlığa namizəd gənclərin işsizlik problemindən də narahat olduğunu, bu məsələnin də diqqət mərkəzində saxlanılacağını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Deputatlığa namizəd bildirib ki, digər yaşayış məntəqələri kimi Yuxarı Qaramanlı kəndinin də yol infrastrukturu arzuedilməz vəziyyətdədir və deputat seçiləcəyi təqdirdə müvafiq qurumlarla əlaqəli şəkildə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək.
Susana Məmmədova seçicilərə müraciət edərək Neftçalanın problemlərindən hali olan, onu öz problemi bilib həll etməyə çalışan namizədə səs verməyə çağırıb. O, vətəndaşların səsvermə günü fəal olmasını zəruri hesab edib
Qeyd edək ki, deputatlığa namizəd Susana Məmmədovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
Anar Əliyev