Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçmiş məcburi köçkünlər üçün mina təhlükəsinə dair təlimlər keçirilib

Keçmiş məcburi köçkünlər üçün mina təhlükəsinə dair təlimlər keçirilib


Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 6 saylı qəsəbədə və Bərdə rayonunda 588 keçmiş məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair təlim keçirilib.

Newscenter.az xəbər verir ki, təlim Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşlığı çərçivəsində təşkil edilib.

AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət tərəfindən “Qapı-qapı” formatında keçirilən təlimlərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində geri qayıdacaq sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir. Təlimçilər hər bir evə və mənzilə gedərək sakinlərə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.

Təlimlər zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb. Ümumilikdə, gün ərzində Bərdə və Biləsuvar rayonlarında 2000-dən çox məcburi köçkün maarifləndirilib.

Xatırladaq ki, buna qədər təlimlər mərhələli şəkildə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, həmçinin yataqxanalarda, inzibati binalarda və yarımtikililərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər, Füzuli şəhərinə yeni köçürülmüş sakinlər üçün təşkil edilib.

Mina və PHS təhlükəsi ilə bağlı bu ilin avqust ayınadək keçirilən maarifləndirici təlimlərə 23 mindən çox məcburi köçkün cəlb olunub. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş