1 sentyabr, 2024-cü il tarixdə ölkədə keçiriləcək parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.
Newscenter.az xəbər verir ki, Susana Məmmədovanın bu dəfəki görüşü Yeniqışlaq kəndinin seçiciləri ilə olub. Yeniqışlaq Kənd Klubunun qarşısında baş tutan görüşdə deputatlığa namizəd öz platforması barədə seçiciləri məlumatlandırıb, deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb:
“Mən Neftçalamız, neftçalıların qayğı və problemlərinin həlli üçün bu mübarizəyə qoşulmuşam. Çünki son 5 il ərzində müntəzəm olaraq Neftçalada həyata keçirdiyim xeyriyyə tədbirləri zamanı gördüyüm mənzərə həqiqətən məni narahat edir. Hələ də insanlarımızın bir çox problemləri mövcuddur. Mən həmin problemlərin həllinə yardım etmək, dəstək göstərmək üçün namizədliyimi irəli sürmüşəm. Artıq səsvermə gününə sayılı günlər qalır. Bu müddət ərzində mənə verdiyiniz dəstəyə görə hər birinizə dərindən təşəkkür edirəm. Ümid edirəm ki, bu dəstəyinizi səsvermə günü də nümayiş etdirərək mənə etimad göstərəcəksiniz və birlikdə Neftçalamız üçün çalışacağıq”.
Görüşdə seçiciləri narahat edən məsələlər barədə maraqlanan Susana Məmmədova Neftçalanın, onun kənd və qəsəbələri, eləcə də Yeniqışlaq kəndinin mövcud problemlərinin mərhələli şəkildə həllinə çalışacağına söz verib:
“Yetər ki, bir olaq, birlikdə olaq. Yetər ki, Neftçalanı özünə təkcə sözdə deyil, eləcə də əməldə doğma bilən, onun inkişafına səy göstərən namizədə etimad göstərək. Neftçalanın problemini kənardan gələnlər neftçalalıdan daha yaxşı bilməzlər. Ona ürəkdən can yandırmazlar. Ona görə də hər şey sizlərdən asılıdır. Səsvermə günü hamılıqla seçki məntəqələrinə gedərək öz vətəndaşlıq borcunu ödəsin və istədiyi namizədə, Neftçalanın gələcəyinə səs versin”.
Görüşün sonunda Yeniqışlaq kəndinin seçiciləri səsvermə günü Susana Məmmədovaya səs verəcəklərini açıq şəkildə ifadə edib və deputatlığa namizədə uğurlar arzulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Susana Məmmədovanın təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
Anar Əliyev