Parlament seçkilərinə sayılı günlər qalıb. Sentyabrın 1-i ölkədə Milli Məclisə seçkilər keçiriləcək. Bəzi deputatlığa namizədlərə baxıram, adam yerlərinə xəcalət çəkir. Yenə sadə camaata hərə bir vəd verir.
Maraqlı odur ki, deputat yerini bəziləri az qala miras kimi görürlər. Ailə malı hesab edirlər. Bir ailədə birinin müddəti bitdiyinə görə evdən oğlu, qızı, arvadının namizədliyini verir.
Rayonlarda seçki təbliğatı zamanı nələr baş verdiyini az-çox bilirsiniz. Düzgünlükdən danışanların iç üzü ortaya çıxır.
İllərdi tutduqları deputat yerini dədə malı kimi ailə üzvlərinə ötürmək istəyirlər. Bunların qarnı doysa da gözləri heç vaxt doymayacaq.
Bəzi əli qələm tutan, jurnalistəm deyənlər də bu ərəfələrdə fəallaşırlar. İllərdi belə siyasətbazlara qulluq edib sifətlərini itirmiş qələm dəllallarını yada salmaq belə adamı iyrəndirir.
Yadıma buraxılmış parlamentdə Yevlax rayonunu təmsil edən deputat İlham Məmmədovun bir vədi düşdü.
İlham Məmmədov seçki ərəfəsində Həcər adlı bir yaşlı qadına deyir ki, mənə səs ver, sənə bir ala inək alacam, çayın kənarında bu ala inəyi bəsləyib özünü dolandırarsan. Yazıq qadın səs verir, İlham müəllim deputat olur.
Amma nə Həcər arvad yada düşür, nə də ala inək. Vədinə xilaf çıxır. Həcər arvad elə inəyin və İlham Məmmədovun gəlməyini gözləyir. İkisi də gəlib çıxmır. Qadın elə gözləyə-gözləyə də dünyasını dəyişir.
Sima Babayeva