Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Azərbaycanla Mərkəzi Asiya regionu vahid geosiyasi, tarixi və mədəni məkan kimi çıxış edirlər. Bu mənada Prezident İlham Əliyevin regionda yerləşən ölkələrə mütamadi səfərləri, həmçinin həmin ölkələrin təmsil olunduqları təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin yüksək səviyyədə inkişafından xəbər verir.. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Avqustun 22-də baş tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb edər.
Səfər zamanı Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri baş tutub. Dövlət başçıları Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə iştirak ediblər. Daşkənddə iki döst və qardaş ölkə rəhbərlərinin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasim zamanı dövlət başçıları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar. Bu zaman həm də iki dövlət arasında münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək 11 sənəd imzalanıb. Bakı – Daşkənd rəsmi müttəfiqliyi, ümumən, Mərkəzi Asiya baxımından önəmlidir. Əlbəttə,bundan faydanı götürəcək daha böyük siyasi məhfum Türk dünyasıdır.O dünya ki, hazırda mühüm qlobal güc mərkəzi kimi çıxış edir.
Ölkələrimiz arasındakı müttəfiqlik təhlükəsizliyimizin təminatıdır.. Bu reallıq, inkişafda dayanıqlılıq trayektoriyasını müəyyənləşdirir. İnkişaf dayanıqlı olmalıdır ki,yüksək nəticələr əldə olunsun və genişlənsin.
Elə bir nəticələr ki, xalqları firavan,parlaq gələcəyə çatdırsın. İki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasının mədəni ,sosial inkişafı,rifahı baxımından da önəmlidir.
Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin milli -strateji hədəflərinə çatmasına zəmin və fürsət yaradır, həmçinin, bütövlükdə, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır .
Nəsib Məhəməliyev
VI çağırış Milli Məclisin deputatı