Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq münasibətlərdə “yuxarıdan aşağı baxmaq” paradiqmasına son qoyulmalıdır

Beynəlxalq münasibətlərdə “yuxarıdan aşağı baxmaq” paradiqmasına son qoyulmalıdır


Bəli, seçki institutu bir fürsətdir: siyasətçi öz bacarıqlarını nümayiş etdirə bilir, siyasi partiya dəstəkləyicilərinin sayını artırır, siyasi-ictimai münasibətlər sahəsində rəqabət mühiti yaranır, siyasi proseslərdə yenilənmə, canlanma baş verir və s. Odur ki, seçkilərin həm də müəyyən proseslərin katalizatoru rolunu oynadığını deyə bilərik. Seçkilər eyni zamanda dost və düşmənləri tanıma fürsəti yaradır. Təsadüfi deyil ki, müxtəlif növ təxribatlar, ölkənin daxili işlərinə müdaxilə cəhdləri məhz seçkilər zamanı hiss olunacaq dərəcədə artır. Qərbin “rəngli inqilablar” texnologiyalarının qoxusu da adətən məhz seçkilər ərəfəsində gəlir. Prinsipial olaraq vurğulamalıyıq ki, sadalanan bu siyasi xüsusiyyətləri istisnasız şəkildə bütün dövlətlərə şamil etmək mümkündür. Qeyd olunanlar obyektiv həqiqətdir, bütün bunları siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs etiraf edə bilər.

Beynəlxalq münasibətlər sistemində müşahidə olunan tendensiyalar və baş verən müxtəlif proseslər sayəsində artıq bütün ölkələr Qərbin dünyaya siyasi dərs vermək iddiasının fərqindədir. Məhz sözügedən kontekstin inkişafında Azərbaycanda keçirilmiş seçkilər ilə əlaqədar ATƏT-in bəyanatı haqqında bəzi fikirləri qısaca bölüşmək istərdik.

Qərəzli tənqidləri önləmək üçün prinsipial olaraq vurğulayaq ki, siyasətdə obyektiv mövqe tutmaq heç də kiməsə qarşı olmaq deyil, hər bir məsuliyyətli vətəndaşın obyektiv mövqeyi milli maraqların yanında dayanmaq olmalıdır. Siyasi maarifləndirmə niyyəti ilə hazırlanmış bu yazıların strateji hədəfi obyektiv həqiqətlərin çatdırılmasıdır ki, sadə vətəndaş qərəzli manipulyasiyaların toruna düşməsin.

İndi isə qısa tezislərlə ATƏT-in yuxarıda qeyd olunan bəyanatının əlamətdar xarakter daşıyan bəzi müddəalarına diqqət yetirək. Bəyanatın birinci cümləsində deyilir: “Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri həqiqi plüralizmə şərait yaratmayan və rəqabətdən məhrum müsabiqə mühitində baş tutub”. Deməli, ölkədə yeganə radikal təfəkkür daşıyıcısı olan AXCP seçkilərdə iştirak etməyibsə, plüralizm şəraiti olmayıb. ATƏT-in sözügedən bəyanatı, hətta bu sənədin birinci cümləsi belə, hər kəsi agah edir ki, adı çəkilən partiyanın “boykot” oyununun əsl təyinatı nədən ibarət imiş. Odur ki, heç bir zaman radikal siyasətin aləti olan populist və emosional demaqogiyaya uymaq olmaz.

Bəyanatda öz əksini tapmış maraqlı məqamlar qeyd olunanlarla bitmir. Absurdlar davam edir: “...vətəndaşların qorxu və cəzalandırmadan azad mühitdə iştirakını təmin etmək üçün səylər göstərilməmişdir”. Yəqin ki, hər bir sosial şəbəkə istifadəçisi təbliğat-təşviqat kampaniyalarını internet vasitəsilə azad və sərbəst şəkildə izləyən zaman bəzi namizədlərin müxtəlif şoularına da şahidlik etmişdir. Əlbəttə ki, bu şouların əsas hədəfi yuxarıda adını çəkdiyimiz beynəlxalq təşkilatın hesabatlarına daxil olmaq idi. Əgər azad mühit olmasa idi, məgər bəzi namizədlər “rahatlıqla özünü ifadə edərək” müşahidəçilərin üzərinə şığımaq, onları təhqir etmək, qışqırmaq və digər bu kimi təxribat xarakterli hərəkətlər edə bilərdilər? O başqa məsələdir ki, ATƏT kimi digər beynəlxalq təşkilatlar qalmaqal xarakterli insidentlərin sayının az olmasından çox narahatdırlar. Axı böyük qalmaqalların olmaması beynəlxalq təşkilatların “əl-qolunu bağlayır”.

Sözügedən bəyanatda daha bir ifşaedici müddəa mövcuddur: “seçicilərə həqiqi siyasi alternativlər təklif edilməmişdir”. Burada bir daha xatırladaq ki, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i sözügedən seçkilərdə iştirak etmişdir. Yəni, yalnız bircə AXCP-nin seçkilərə qoşulmaması ATƏT üçün kifayət edir ki, o alternativsizlik haqqında danışa bilsin. Əlahəzrət “boykotun” əsl və xain səbəbləri yenə də üzə çıxdı. “Boykotu” siyasət kimi insanlara təqdim etməyə çalışanların maskası növbəti dəfə cırılmış oldu.

Qeyd olunanları unutmayın, çünki indi ATƏT-in digər “üzünü” də görə biləcəksiniz. Sözügedən bəyanatda öz əksini tapmış növbəti cümlələrin məzmununa diqqət yetirin: “Bütün səviyyələrdə seçkilərə hazırlıq effektiv və müəyyən edilmiş müddətdə aparılmışdır”, “Seçici siyahıların ictimai nəzarətə təqdim edilməsi şəffaflığa müsbət töhfə vermişdir” və s. Sadəlövh olmayın, bu kimi cümlələr obyektiv mövqeyin təzahürü deyillər, onlar siyasi alver üçün saxlanılmış əl yeridir.

Məlum hesabatın sonunda isə qeyd olunur: “Bu hesabatın ingilis dilində olan sürəti yeganə rəsmi sənəd hesab olunur. Azərbaycan dilinə tərcüməsi qeyri-rəsmi hesab olunur”. Nüfuzlu beynəlxalq təşkilat öz rəsmi saytında fəaliyyət göstərdiyi ölkənin dövlət dilində yazılmış mətni qeyri-rəsmi olduğunu bildirir. Buna nə demək olar? Nə zamana qədər beynəlxalq münasibətlər sistemində “yuxarıdan aşağı baxmaq” paradiqması yaşanacaq? Əlbəttə ki, bu cür paradiqmanın hökm sürdüyü yerdə ölkələrin müstəqil siyasət aparılması da qəbuledilməz olacaqdır. Məhz elə bu səbəbdən də Prezident İlham Əliyev dövlətin müstəqil siyasət aparmaq bacarığını Azərbaycanın ən böyük və toxunulmaz siyasi dəyəri kimi prinsipial olaraq bütün çıxışlarında vurğulayır.

Asif Adil
Xəbəri paylaş