Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqil Azərbaycanın tarixində tarixi gün: 3 sentyabr

Müstəqil Azərbaycanın tarixində tarixi gün: 3 sentyabr


Azərbaycanda milli-azadlıq hərəkatı genişləndi. Süverenlik, müstəqillik uğrunda mübarizə xalqın mübarizəsi oldu. İmperiya bu mübarizənin qarşısını almağı bacarmadı. Bu dönməz hərəkatı söndürmək üçün cinayət də törətdi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, Sumqayıtda, başqa şəhərlərdə törətdiyi qırğınlar imperiyanın xislətinin mahiyyətinin nə olduğunu təsdiqlədi. Azərbaycan bu xisləti onun süqutu ilə ödətdi. Xalq mübarizəsini davam etdirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu.

Müstəqil Azərbaycanda ilk vaxtlarda dövlət idarəçiliyində səriştəsizliyə görə ciddi problemlər yarandı. Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Onda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. O dövrü böyük tarixi şəxsiyyət Heydər Əliyev belə xatırlayır: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”...

Heydər Əliyev şəxsiyyəti, dühası, azərbaycançılığı ilk vaxtlar Naxçıvanın timsalında müasir Azərbaycanın yaşamasının təminatçısı oldu. Ulu Öndər Naxçıvanın, deməli, Azərbaycanın tarixində misilsiz xidmətlər göstərdi. İdeyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi Azərbaycanın dövlət siyasətinin Dövlət Bayrağı oldu. İmperiyanın siyasi kursunu, başlıca olaraq, milli məsələdə yol verdiyi ciddi nöqsanları ciddi tənqid edən, nəticə çıxarılmadığına görə tutduğu böyük vəzifədən istefa verən böyük tarixi şəxsiyyətin Azərbaycana xidmətinin ikinci dövrünün başlanğıcı 1990-1993-cü illərdir. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrüdür. Bu dövr müstəqil Azərbaycanın siyasi nüfuzunun yüksəlişində əhəmiyyətli mərhələ oldu..
20 yanvar faciəsinə görə SSRİ hökumətinə ciddi etirazını bildirən, hakimiyyəti günahlandıran, faciənin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edən böyük siyasi xadim Heydər Əliyev Naxçıvna qayıtdı. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində yeni mərhələ oldu.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başladı. Milli dövlətçiliyin “dan ulduzu olan” Naxçıvan parlamentinin ilk sessiyası Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Müstəqil dövlətçiliyə, onun müxtar vahudinə yeni mahiyyət, yeni idarəetmə üslubu gətirən, Naxçıvan parlamentinin ilk sessiyasında müzakirə edilən məsələlər,  tarixi dəyəri ilə səciyyəvi olan məsələlər müzakirə olundu, qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmış siyasi qətiyyət kimi tarixləşdi.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Az sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi.

Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdı. Naxçıvanın sosial-iqtisadi vəziyyət olduqca çətin idi. İdarəetmədə baş verənlər əhalinin güzəranını son dərəcədə çətinləşdirmişdi. Mərkəzi hakimiyyət muxtar qurumun muxtariyyatına imkan vermirdi, bu da Muxtar Respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. 1991-ci il sentyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi, onun gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edilməyə başladı və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı istiqamətində mühüm addımlar atıldı. Bu baxımdan 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında iş birliyi protokolunun imzalanması müstəsna əhəmiyyətə malik oldu.

Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və geniş miqyaslı tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu.

Ulu Öndər Heydər Əliyevin “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü”nün təsis olunması kimi təşəbbüsünün tarixi əhəmiyyəti var. Ulu Öndərin Ali Məclisin sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə çağırması və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”...

Azərbaycanda mürəkkəb siyasi vəziyyət yarananda xalq son çarə kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbini böyük azərbaycançılıq qüruru və sevgisi ilə qəbul etdi, Azərbaycanın dövlət müstəqilliyi təhlükədən xilas oldu. Bu xilasın başlanğıcı 1991-ci il sentyabr ayının 3-ü idi...

Müstəqil Azərbaycanın dövlətçilik tarixində bir tarixi gün də var: 3 sentyabr...

Səbinə XASAYEVA,
Xəbəri paylaş