Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abonentlərin 92,08 faizi su sayğacı ilə təmin olunub

Abonentlərin 92,08 faizi su sayğacı ilə təmin olunub


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti içməli sudan istifadənin dəqiq hesabatının aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir.

Newscenter.az xəbər verir ki. abonentlərin, xüsusilə də həyət evlərinin sayğaclaşdırılması mühüm əhəmiyyət daşıyır. Hazırda Bakının bir sıra qəsəbələrində bu kimi evlərin sayğacla təmin edilməsi işləri aparılır.

Azərbaycan Prezidentinin “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının, eləcə də “Su Ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə sayğaclaşma işləri sürətləndirilib.

Hazırda Sabunçu rayonu, Pirşağı qəsəbəsində abonentlərin mövcud su xəttinə sayğacların quraşdırılması işləri həyata keçirilir. Nəzarət Ölçü Cihazları İdarəsi 2400-ə yaxın abonentin sayğaclarla təmin olunmasını planlaşdırıb.

Sabunçu rayon üzrə Nəzarət Ölçü Cihazları İdarəsinin mühəndis qrup rəhbəri Pərviz İbrahimov bildirib ki, kompleks tədbirlər planı üzrə işlərin 20 faizi yekunlaşıb. Prosesin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, quraşdırılan sayğacların hər biri mühafizə qutusu ilə təmin olunur, su boruları izolyasiya edilərək abonentlərə təhvil verilir: “Görülən tədbirlər qış mövsümündə sayğac və boruların donmamasına müsbət təsirini göstərəcək”.

Qurumun apardığı təhlillər göstərir ki, sayğacların quraşdırılması su itkilərinin qarşısının alınmasına, əhalinin fasiləsiz su ilə təminatına, suyun səmərəli istifadə edilməsinə səbəb olacaq.

Əhali qrupu abonentləri üzrə sayğacların quraşdırılması dövlət vəsaiti hesabına aparılır və ödəniş tələb olunmur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən abonentlərin 92,08 faizi sayğacla təmin olunub, əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 91,79 faiz, qeyri-əhali qrupu üzrə isə 98,31 faiz təşkil edir.

Süleyman
Xəbəri paylaş