Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərkosmos Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb

Azərkosmos Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb


Azərkosmos Millətlər Birliyi Təşkilatının (The Commonwealth of Nations) üzvləri olan İnkişaf etməkdə olan kiçik ada dövlətləri və digər həssas üzv ölkələrlə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığa başlayıb. Əməkdaşlıq Azərbaycan və Millətlər Birliyi Təşkilatının birgə imzaladığı memorandum çərçivəsində həyata keçirilir.

Newscenter.az xəbər verir ki, Azərkosmos tərəfindən Birliyə üzv olan ölkələrə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması və fəaliyyətin qiymətləndirilməsi məqsədilə kompleks proqram hazırlanıb. Proqram çərçivəsində birliyin üzvü olan dövlətlərdə, xüsusilə Karib dənizi regionunda və Sakit okean ölkələrinin ərazilərində:

• peyk görüntülərindən istifadə etməklə quraqlıq səviyyəsinin monitorinqi və quraqlıq riskinin qiymətləndirilməsi;
• əkin sahələrinin sinifləndirilməsi;
• meşələrin kompleks monitorinqi;
• metan (CH4) konsentrasiyasının kosmik monitorinqi fəaliyyətləri icra olunacaq.

Bu fəaliyyətləri icra edərkən vacib məqam olan məsafədən müşahidə və Coğrafi İnformasiya Sistemləri üzrə bilik və bacarıqların artırılması, tematik təlim və konsultasiyanın verilməsi proqramın tərkib hissələridir.

Kosmik həllərə çıxış imkanının olub-olmamasından asılı olmayaraq bütün ölkələr gündəlik olaraq kosmik xidmətlərdən istifadə edirlər.

Hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ön cəbhə xəttində olan kiçik ada dövlətlərində iqlimin monitorinqinin ən güclü aləti kosmik həllərdir. Məsələn, kosmik texnologiya ada dövlətlərinin davamlı dolanışıq və iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edən işlərdə rol oynayır. Həmçinin sahil mühafizəsi üçün sahil xətlərinin monitorinqi, okeanda suyun səviyyələrinin monitorinqi, qeyri-qanuni balıq ovuna nəzarət və neft dağılmalarının aşkar edilməsi kimi nümunələri misal göstərmək olar. Kosmik texnologiya əlçatmaz ərazilərdən məlumat əldə etməyi təmin edir. Bu da kiçik ada dövlətlərinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən aspektdir.

Azərkosmosun hazırladığı bu proqram iqlim dəyişikliyinə həssas və kosmosa az və ya heç bir çıxışı olmayan dövlətlərdə Azərbaycanın kosmik təcrübəsini bölüşmək və onların kosmos sahəsində insan kapitalının inkişafına öz töhfəsini verəcək.

Kosmik texnologiya və coğrafi məlumatların gücündən istifadə etməklə bu tərəfdaşlıq iqlimə davamlılığı gücləndirmək, fəlakətlərə hazırlığı təkmilləşdirmək və davamlı inkişafı dəstəkləmək məqsədini daşıyır. Kosmik həlləri özündə ehtiva edən bu proqram Millətlər Birliyi Təşkilatına daxil olan dövlətlərə həm Bakıda keçiriləcək COP29 tədbirində, həm də gələcəkdəki iqlim dəyişikliyi üzrə fəaliyyətlərdə bir növ yol xəritəsi rolunu oynayacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş