Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülməsi əməliyyatı icra olunub.
Newscenter.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Onun sözlərinə görə, 21 nəfərə sümük iliyi köçürülüb: “Bütün rəqəmlər keçən illə müqayisədə artıb”.
Mərkəz sədri bildirib ki, bu gün ölkədə 600-ə yaxın şəxs orqan köçürülməsi ilə bağlı donor gözləyir: “Hazırda ölkədə ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var. Belə ki, bu gün dializ alan şəxslərin sayı 4 mindir. İkinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələri gəlir. Bu köçürülmə üçün mütləq canlı donor lazımdır”.