Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib


“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev çıxışında Strategiyanın icrası çərçivəsində reallaşdırılan layihələrin “Yaşıl dünya naminə həmrəylik ili” üzrə həyata keçirilən tədbirlərlə ahəng təşkil etdiyini vurğulayıb. İşçi qrupun iclaslarının müntəzəm keçirilməsinin hesabatlılığın effektivliyini artırdığını qeyd edib və gündəlikdə duran məsələlərə diqqət çəkib.

İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyanın icrası çərçivəsində 2024-cü ilin birinci yarısı üzrə aparılmış monitorinqin nəticələrinə dair ilkin qiymətləndirmə hesabatını təqdim edib. “Yaşıl enerji məkanı” məqsədi üzrə tədbirlərin icra göstəriciləri, 6 fəaliyyət istiqaməti üzrə indikatorlar və nəzərdə tutulmuş hədəflər çərçivəsində icra olunan işlər barədə məlumat verilib, qaz təchizatı, istilik təchizatı sahəsində dövlət‒özəl tərəfdaşlığının inkişaf etdirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, Elektromobillik üzrə Milli Planın hazırlanması, enerji saxlanc sistemlərinin tətbiqi, karbon tutulması, utilizasiyası və saxlanması texnologiyalarının tətbiqi, iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi və digər istiqamətlərdə yerinə yetirilmiş tədbirlər müzakirə edilib.

Sonra digər qrup üzvlərinin hesabatla bağlı məruzələri dinlənilib, atılacaq növbəti addımlar, çağırış və tövsiyələr nəzərdən keçirilib. Strategiya sənədi üzrə qarşıdakı dövrdə tədbirlərin effektiv icrası ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunurlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Yaşıl enerji məkanı” İşçi qrupu da bu çərçivədə “Yaşıl enerji məkanı” məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

Süleyman
Xəbəri paylaş