"Ermənistan Qərblə bağlarını möhkəmləndirir. ABŞ və AB ilə münasibətlərini dərinləşdirməkdə davam edən Ermənistanın başlıca hədəfi Rusiyanın caynağından xilas olmaqdır. Ermənistan hökuməti hesab edir ki, indi bunun üçün tarixi zəmin yetişib. Yəni ermənilər Rusiya-Ukrayna müharibəsində Rusiyanın aqibətinin yaxşı olmayacağına artıq inanıblar. Ona görə də bu gün, nə qədər təhlükəli olsa da Rusiyanı qıcıqlandıracaq riskli addımlardan belə çəkinmirlər. Arxayındılar ki, əraziləri Ukrayna ordusu tərəfindən nəzarətə götürülməkdə davam edən bir şəraitdə, Rusiya Cənubi Qafqazda yeni bir hərbi münaqişə ocağı açmağa getməyəcək".
Newscenter.az xəbər verir ki, bunu iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. O bildirib ki, bunu əsas götürən Ermənistan, indi Qərblə arasındakı razılaşmaya əsasən Qərbin hərbi kontingentini müxtəlif adlar altında öz ərazisinə yerləşdirir və ölkəsinə müasir silahların gətirilməsini təmin edir:
"Bütün bunlar onu göstərir ki, ermənilərin Qərbin əli ilə Azərbaycana qarşı reallaşdırmaq istədiyi xüsusi planı var və onlar bu gün həmin planı təmkinlə, addım-addım reallaşdırmaqdadırlar. Mən ermənilərin bu oyunlarını hələ Sovetlər dönəmindən Qarabağ torpaqlarımızda onların addım-addım hazırladıqları və sonradan partlayışa çevirdikləri “miatsum” təxribatına bənzədirəm. Sanki tarix bir başqa formada təkrarlanır. Biz bir vaxt görəcəyik ki, qarşımızda Ermənistan ordusu ilə yanaşı ABŞ və Fransanın hərbi kontingenti dayanıb".
Süleyman