"İranın Zəngəzur dəhlizini qırmızı xətt kimi qiymətləndirməsinin əsas səbəblərindən biri tranzit gəlirlərdən məhrum olmaq qorxusudur".
Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, İran ərazisindən keçən tranzit yüklərin həcmi ötən illə müqayisədə 30% artıb:
"Belə ki, 2023-cü ilin martından 2024-cü ilin yanvarına qədər İran ərazisi ilə 14,2 milyon ton yük tranzit keçib və İran bu 10 ay ərzində 1 milyard dollar qazanıb.
!979-cu ildən bəri sanksiyalar içində iqtisadiyyatı dağıdılmış İran bu növ gəlirlərə hazırda çox böyük ehtiyac duyur. İldən ilə sanksiyaların sayı və əhatə dairəsi artır. Hələ iki il əvvəl İrana tətbiq edilən sanksiyalardan bəhs edən bir sənəd qarşıma çıxmışdı. Materialın həcmi az qala 100 vərəqə çatırdı, oxuduqca bitmirdi. Belə bir iqtisadi-siyasi sıxıntı yaşayan İran üçün transit ölkə kimi gəlir əldə etmək son çıxış yoludur".
Eldəniz Əmirov qeyd edib ki, bu gün Türkiyənin xarici ticarət strategiyasında Mərkəzi Asiya prioritet istiqamətdir:
"Ümumiyyətlə, Vahid Türk Dünyası prinsiplərinin gercəkləşməsi Türkiyənin xarici iqtisadi siyasətində Asiyaya doğru inkişaf meyllərini ciddi şəkildə artırmışdır. 2023-cü ilin sonunda Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə, 6,4 milyard dollara çatıb; Özbəkistanla ticarət dövriyyəsi 3 milyard dollara çatıb, yaxın illərdə 5 milyard dollara çatmaq perspektivi var. Türkiyə Mərkəzi Asiya ölkələrinin beş əsas ticarət tərəfdaşından biridir və Türkmənistan üçün Türkiyə son illərdə Çini keçərək bir nömrəli ixracatçı olub.
Deməli, əgər Zəngəzur dəhlizi olmasa Türkiyənin Mərkəzi Asiya üzrə artacaq ticarət dövriyyəsi İran üçün əla tranzit gəlirlər əldə etməsinə imkan, Türkiyənin özü üçün isə əlavə maneə və daha çox xərc deməkdir.
Odur ki, bu gün Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında olmaqla bərabər, həm də Türkiyə və İran, Rusiya və Amerika, Fransa və region ölkələri arasında mübarizə obyektidir. İran isə qaçıracağı fürsətlərdən narahat olduğu üçün bu dəhliz üzərində daha çox həyəcanlıdır. Amma heç vaxt həyacan nəticəni dəyişə bilmir".
Anar Əliyev