Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqımız öz içimizdəki düşmənlərini tanımalıdır

Xalqımız öz içimizdəki düşmənlərini tanımalıdır


Müharibə illərində könüllü qruplar və ayrı-ayrı vətənpərvər şəxslər tərəfindən yaradılan şəhid məqalələrinin hansısa kosmopolit, “novar”çı vikipediyaçılar tərəfindən heç bir ciddi səbəb olmadan tamamilə silinməsi doğrudan da olduqca vicdansız hərəkətdir. Onların buna səbəb kimi şəhidlərin guya qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətirmələri də tamamilə absurddur. Çünki ensiklopediyalar üçün elə ən önəmli personalar da məhz şəhidlər olmalıdır. Vikipediya kimi qlobal resurs üçün də Azərbaycan şəhidləri haqda yazılar önəmli bir seqmenti təşkil edir. Ona görə də bizim bəzi antimilli yerli vikipediyaçılarımızın qlobal Vikipediya fonduna yarınmaq üçün, necə deyərlər, Roma Papasından daha çox katoliklik etməyə çalışmaqları ikrah hissi doğurur.

Ölkəmizin gündəmi bu olmamalıydı. Amma əfsuslar olsun ki, AzVikini “işğal” edən bəzi antimilli şəxslərin sözügedən mənfur hərəkəti gündəmimizi neqativə köklədi. Onların bu hərəkəti əsl təxribatdır. Şəhidlərimizin ruhuna hörmətsizliyi ehtiva edən bu təxribat düşmən “dəyirmanına su tökməy”ə xidmət edir. Vikipediyanın Azərbaycan bölməsinin şəhidlərimizə dair hissəsini silənlər, məhv edənlər çox güman ki, bunu təkcə öz şəxsi maraqlarına görə yox, hansısa xarici dairələrin anti-Azərbaycan planlarına uyğun olaraq həyata keçirirlər. Şəhidlər bizim milli-mənəvi dəyərlərimizə çevrilib. Təxribatçı vikipediyaçıların isə bu əməli onu göstərir ki, milli-mənəvi dəyərlərimizə qarşı haradansa hücum əmri verilib. Öz adlarını ən yeni tariximizə qanları ilə yazan ölməz şəxsiyyətlərin – Şəhidlərin haqqında Vikipediyada yerləşdirilən məqalələrin silinməsi dəyərlərimizə qarşı birbaşa hücumdur.

Bu, ümumilikdə Qələbəmizə qarşı yönəlmiş planlı bir əməliyyatdır. Şəhidlərimizin həyat və savaş hekayələrinin qəsdən silinməsi Zəfər tariximizin silinməsinə, yox edilməsinə hesablanıb. Ona görə də bu məsələ ciddi surətdə araşdırılmalıdır. Sözügedən təxribatı həyata keçirən vikiçilərin bu addımı kənardan sifariş əsasındamı, yoxsa sırf özlərinin təşəbbüsü ilə atdıqları müəyyən edilməlidir və hüquqi müstəvidə müvafiq tədbirlər görülməlidir. Onların bu mənfur əməli erməni daşnaklarının bizə qarşı düşmənçiliyindən, Fransa və İran kimi ölkələrin anti-Azərbaycan siyasətlərindən heçnə ilə fərqlənmir. Qəhrəman övladlarımızın xatirəsinə qarşı belə hərəkət bağışlanılmazdır. Şəhidlərimizi hədəfə alanlar deşifrə olunmalıdır. Xalqımız öz içimizdəki düşmənlərini tanımalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı
Xəbəri paylaş