Azərbaycanda son zamanlar həm dövlət qurumlarına, həm də vətəndaşlara qarşı yönəlmiş kiberhücumların sayında kəskin artım müşahidə olunur.
Newscenter.az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, cinayətkarlar şəxsi məlumatlara, maliyyə resurslarına və dövlət informasiya sistemlərinə icazəsiz giriş əldə etmək üçün getdikcə daha mürəkkəb metodlardan istifadə edirlər.
Hazırda ölkəmizdə ən çox istifadə olunan “any.run”, “virustotal” kimi ödənişsiz platformalarda bir sıra bank və müəssisələrə aid çox saylı konfidensial məlumatların - sənədlər, müqavilələr, maliyyə və mülkiyyət faylları, CV-lər, hesabatlar və s. dərc olunduğunun şahidi ola bilərik.
Dövlət Xidməti məlumat və resurs mərkəzində yerləşdirilmiş dövlət qurumlarının elektron informasiya ehtiyatlarını 24/7 monitorinqini həyata keçirməklə yanaşı, dövlət qurumlarına məxsus digər elektron informasiya ehtiyatlarını və sistemlərini də audit yoxlamalarından keçirir. Audit yoxlamaları zamanı aşkar edilmiş boşluqlarının aradan qaldırılması vaxtında təmin olunmaması kiberinsidentlərin baş verməsini və fərdi məlumatların oğurlanmasını qaçılmaz edir.
Dövlət qurumlarına audit hesabatlarında onlara göndərilən boşluqların vaxtında aradan qaldırmağı, təhlükəsizlik tövsiyələrinə ciddi riayət etməyi, vətandaşlara isə kibergigiyena qaydalarına əməl etməyi həyat tərzinə çevirməyi tövsiyə edirik.
Bu ilin yanvar-avqust aylarında Dövlət Xidməti dövlət qurumlarına qarşı 675 kiberhücum indikatoru (IOC) “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd aşkar edərək blok edib.
Mehman Mehdiyev