Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın öz addımlarında tərəf tutduğu ortadadır

ABŞ-ın öz addımlarında tərəf tutduğu ortadadır


"ABŞ Dövlət Katibi Entoni Blinkenin zəngi ilk belə zəng deyil, bundan əvvəl də ABŞ Dövlət Katibi bir neçə dəfə Prezident İlham Əliyevə zəng vuraraq Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyi və bu istiqamətdə ABŞ-ın səylərini əsirgəməyəcəyi ilə bağlı vədlər verib".

Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, xüsusilə də 5 aprel Brüssel görüşü əvvəli və sonrası ABŞ-dan gələn zənglərin sayını artdığı müşahidə olunmaqdadır:

"Xatırlayırsınızsa Azərbaycanın haqlı etirazına səbəb olan 5 aprel Brüssel görüşü vaxtı məhz Blinken Prezident İlham Əliyevə zəng edərək bu görüşün Azərbaycan əleyhinə olmadığı və humanitar xarakter daşıdığını demişdi. Amma nəticədə biz gördük ki, məhz həmin görüşdən sonra ABŞ-Ermənistan arasında hərbi sahədə kifayət qədər yaxınlaşma baş verdi. Birgə hərbi təlimlər, ABŞ və Ermənistan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və bu çərçivədə Ermənistanın hərbi təhlükəsizliyi ilə bağlı razılaşmanın əldə olunması bunun bariz sübutudur.

Təbii ki, regionda bu və ya digər şəkildə öz maraqlarını təmin etmək istəyən ABŞ Azərbaycanın maraqarı nəzərə alınmadan və rəsmi Bakı ilə yaxşı münasibətlər qurulmadan bunun baş verə bilməyəcəyini yaxşı bilir. Ona görə də mütəmadi olaraq bu cür telefon diplomatiyası vasitəsi ilə Azərbaycan və Ermənistan arasında balanslı siyasət görüntüsü yaratmağa cəhd edir".

Politoloq deyib ki, əslində isə ABŞ hər nə qədər sülh istiqamətində addımlar atsa da öz addımlarında tərəf tutduğu ortadadır:

"Ayrı-ayrı fondlar vasitəsilə Ermənistana külli miqdarda maliyyə resurslarını ötürülməsi, elə bir neçə gün əvvəl USİAD vasitəsilə Ermənistana ayrılan yardımın iki dəfədən artıq artırılması ABŞ-ın heç də səmimi olmadığını deməyə kifayət edir.

ABŞ eynilə Rusiya və Fransanın timsalında Avropa İttifaqı kimi bütün imkanları ilə Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi olmaq arzusundadır. Bu isə təbii olaraq tərəflərə təsir imkanı əldə etmək deməkdir. Odur ki, cənab Prezidentin telefon danışığı zamanı sülh müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini qeyd etməsi ABŞ-a ünvanlanmış konkret mesaj kimi də qəbul oluna bilər. Bu o deməkdir ki, nə ABŞ-ın, nə Rusiyanın, nə də Avropa İttifaqı kimi hər hansı bir təsisatın danışıqlarda tərəf olmasına ehtiyac yoxdur. Əgər ABŞ həqiqətən də sülh sazişinin imzalanmasında maraqlıdırsa o zaman zəhmət çəkib Ermənistandan Azərbaycanın haqlı şərtlərini qəbul etməyi tələb etməlidir".

Süleyman
Xəbəri paylaş