Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın tərəflər arasında sülhə nail olmaq istiqamətindəki səylərinə Bakı həmişə müsbət yanaşıb

ABŞ-ın tərəflər arasında sülhə nail olmaq istiqamətindəki səylərinə Bakı həmişə müsbət yanaşıb


"Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə növbəti dəfə zəng etməsi və Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirməsi açıq ermənipərəstlik mövqeyi tutmuş Fransadan fərqli olaraq ABŞ-ın Cənubi Qafqazda qalıcı sülhün və sabitliyin bərqərar olunmasında real surətdə maraqlı olduğunu göstərir. Xatırladaq ki, ABŞ-ın baş diplomatı Azərbaycan Prezidentinə bundan öncəki zənglərində də daha çox sülh məsələsinin önəmini vurğulamışdı".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov diqqətə çatdırıb ki, dövlətimizin başçısı da Blinkenlə telefon söhbəti əsnasında haqlı olaraq qeyd edib ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb:

"Prezident İlham Əliyev həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu vurğulayıb. ABŞ-ın isə öz növbəsində qlobal aktorlardan biri kimi davamlı olaraq vasitəçilik təşəbbüsü ilə çıxış edərək tərəflər arasında təmasları davam etdirməsi heç şübhəsiz ki, təqdirəlayiq haldır və rəsmi Bakı Ağ Evin bu səylərini yüksək qiymətləndirir. ABŞ-ın tərəflər arasında sülhə nail olmaq istiqamətindəki səylərinə Bakı həmişə müsbət yanaşıb və Blinkenin moderatorluğu ilə ABŞ-da keçirilən üçtərəfli görüşlərin hamısında Azərbaycan aktiv surətdə iştirak edib. Dövlətimizin başçısı da ABŞ rəsmilərinin sülhlə bağlı təkliflərinə həmişə isti yanaşıb.

Lakin onu da qeyd etməliyik ki, ABŞ-ın sülh təşəbbüsləri heç də hər zaman gözlənilən effekti verməyib. Bunun da əsas günahkarı bir qayda olaraq hər zaman məhz Ermənistan tərəfi olub. Bu kontekstdə Prezident İlham Əliyev ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə söhbəti zamanı tamamilə düzgün qeyd edib ki, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoyması, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulması vacibdir. Eləcə də Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməlidir".

Komitə sədri bildirib ki, bütün bunlar qalıcı sülhün bərqərar olması üçün həlledici amillərdir:

"Ona görə də ABŞ özünün vasitəçilik səylərinin səmərəli olmasını istəyirsə, Ermənistan tərəfinə təzyiq göstərməlidir. ABŞ-ın Ermənistana qarşı yumşaq davranması Vaşinqtonun sülh səylərinin İrəvan tərəfindən sabotaj olunması ilə nəticələnir. Eyni zamanda ABŞ regionda gerçək sülhün bərqərar olmasında maraqlıdırsa, Ermənistanı silahlandırmasını da dayandırılmalıdır. Sülh vasitəçiliyi və silahlandırmanın ikisi bir arada ziddiyyətli davranışdır. Bu davranış sülhə töhfə vermək əvəzinə, ona xələl gətirir".

Süleyman
Xəbəri paylaş