01.09.2024-cü il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 25 siyasi partiya iştirak etmişdi. Yalnız bir partiya xaric: Azərbaycan Xalq Cəbhəsi Partiyası.
Bu gün bu partiya daxilində baş verənlər onu göstərir ki, AXCP-nin seçkilərdə iştirak etməməklə bağlı qərarı kollegial deyil, yalnız bir nəfərin istəyinə uyğun şəkildə baş tutub. Yəni, AXCP-nin seçkilərdə iştirak etməməklə bağlı qərarını bu partiyanın Rəyasət Heyəti, yaxud Ali Məclisi deyil, birbaşa Əli Kərimli, özü də təkbaşına verib.
Sonrakı proseslər də onu göstərdi ki, AXCP adından verilən qərarlar, bəyanatlar yalnız bir nəfərin maraqlarına xidmət edir və çoxluq "iştirak etməmək" qərarı ilə razı deyil. Məhz bu səbəbdəndir ki, bir neçə cəbhəçi müstəqil şəkildə seçkilərə qatıldı, sosial şəbəkələrdə seçkilərdə iştirak etməmək qərarına etiraz etdi, hətta istefalar oldu.
Məsələn, Ali Karimli (Əli Kərimli)nin müavini Seymur Hezi özündə cəsarət tapıb AXCP adından verilmiş qərarı tənqid etdi, hətta "yenidən düşünməliyik" mesajını belə verdi. Bunun ardınca isə bu günə qədər Əli Kərimlinin monoloqlarını yaymış Sevinc Osmanqizi, Tural Sadiqli, eyni zamanda müxtəlif proseslərdə AXCP-yə dəstək vermiş ayrı-ayrı qruplaşmalar belə tənqidi mövqe tutdular. Prosesin gedişatını isə istefaların izləməsi, hətta AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusiflinin istefa verməsi hadisələrin kuliminasiyası oldu. Onu da əlavə edim ki, bu həmin Asif Yusiflidir ki Əli Kərimli bu günə qədər onu "Qarabağ qazisi" kimi təqdim edib kürəyindən siyasi və maliyyə dividentləri qazanırdı.
Amma bu gün reallıq ondan ibarətdir ki, Əli Kərimlini hər bir davranışı ilə dəstəkləmiş Asif Yusiflinin istefası AXCP-nin ciddi dəyişikliklərin labüd olduğu astanaya daxil olmasına işarədir. Demək ki, AXCP artıq rəsmən parçalanır: bir tərəfdə Əli Kərimli-Fuad Qəhrəmanlı cütlüyü, digər tərəfdə isə haqqı olan sədrliyi almaq üçün səbr edən Seymur Həzi və gənc tərəfdarları.
AXCP-ni isə qarşıda Qurultay gözləyir. Bu Qurultay öncəsi baş verənlər, xüsusilə də AXCP NTK sədri olmuş Aydın Əliyevin Əli Kərimliyə qarşı məhkəmə iddiası partiyanın gələcəyi ilə bağlı tərəddüdləri də ortaya çıxarır. Yəni, bu artıq siyasi deyil, mənəvi problemə çevrilməkdədir.
Yəni, Əli Kərimli AXCP-ni məhv etməmək üçün Qurultay öncəsi istefa verməlidir. Çünki hər bir cəbhəçi də şahidi oldu ki, Əli Kərimli AXCP sədri kimi qalmaq və məhkəmə işinə siyasi təzyiqlər etmək üçün partiya üzvlərinə deyil, Qərb ölkələrinin səfirliklərinə sığındı. Bu da onu göstərir ki, Əli Kərimli AXCP-nin və cəbhəçilərin deyil, Qərb ölkələrinin maraqlarına xidmət edir.
Bu məqamda haşiyəyə çıxaraq bir hadisəni xatırlatmaq istəyirəm. Demək, 31.08.2024-cü il tarixində - parlament seçkilərinə 1 gün qalmış ATƏT PA-nın müşahidə missiyasının üzvləri ilə görümüz oldu. Norveçli müşahidəçinin sözlərindən belə başa düşdük ki, bizim görüşümüzdən öncə AXCP sədri ilə danışılmış və əvvəldən hazırlanmış ssenari üzrə suallar tərtib edilmişdi. Beynəlxalq müşahidəçilərin bütün suallarının və söhbətlərinin məntiqi vurğusunun da ancaq "seçkidə iştirak etməmək" və "hüquqların məhdudlaşdırılması" tezislərinin üzərində qurulması bir daha sübut etdi ki, AXCP-nin seçkidə iştirak etməmək qərarı ATƏT-in seçkidən öncə hazırlanmış hesabatı ilə eynilik təşkil edirmiş və eyni mərkəzdən idarə olunurmuş.
Demək ki, AXCP daxilində baş verən prosesləri də elə Qərb ölkələrinin səfirlikləri və təsisatları idarə edirmiş. Belə olan halda sual yaranır ki, onlar imkan verərmi Əli Kərimli sədrlikdən getsin? Yaxud bu siyasi tələbə çevrilsə, gənc Seymur Həzinin sədr olmasına razı olacaqlarmı? Bəlkə də artıq sədrliyin Fuad Qəhrəmanlıya verilməsi ssenarisi də hazırdır?
Bir sözlə, xəyanət yuvasına çevrilmiş AXCP-də dəyişikliklərin olması labüddür. Sadə cəbhəçilər, AXCP-ni siyasi təşkilat kimi qorumaq istəyənlər yalnız Əli Kərimliyə deyil, onun vasitəsilə Azərbaycana düşmən mövqeyində durmuş Qərb təsisatlarına da qarşı savaş açmalı, mübarizə aparmalıdır.
P.S. Siyasi partiya kimi qeydiyyatdan keçmək üçün AXCP müvafiq quruma 5000 nəfərlik üzv siyahısını təqdim edərkən ölüm yatağında, hətta artıq qəbiri olanları belə yazmışdı, sürünə-sürünə qeydiyyatdan keçmişdi. Bəs, bu dəfə necə olacaq? Axı, ötən müddət ərzində onlarla insan AXCP sıralarını tərk edib, ölüm yatağında olanlar isə vəfat ediblər. Bu da çox maraqlı proses olacaq. İzləyək!
Ramil Vəlibəyov