Türkiyə qastronomiya turizmi gəlirlərini artırmaq üçün fəaliyyət dairəsini genişləndirir.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu sahədəki gəlirin ilin sonuna qədər 18 milyard dollar, 2025-ci ildə isə 25 milyard dollara çatması hədəflənir. Turizm gəlirlərini hər il artıran Türkiyə bu sahədə lider ölkələrdən biri hesab olunur.
Məlumata görə, Türkiyənin 2200-dən çox yerli yemək və içkiyə sahib olduğu müəyyən edilsə də, Qaziantep, Adana, Hatay və İzmir kimi şəhərlər ölkənin əhəmiyyətli qastronomiya mərkəzləri arasındadır.
Ölkədə qastronomiya turizminin inkişaf etdirilməsi və bu turizmin 12 ayı əhatə etməsi istiqamətində işlər aparılarkən, 16-sı İstanbulda olmaqla 41 müxtəlif yeməkurslarında təlimlər keçirilir.
Türkiyədə yerli məhsulların təbliği üçün 34 qastronomiya muzeyi fəaliyyət göstərir, ölkə üzrə isə 360-dan çox qastronomiya festivalı keçirilir.
Qastronomiya turizmini inkişaf etdirmək məqsədilə ABŞ, Çin, Rusiya, İspaniya və Kanada kimi ölkələrdə də türk mətbəx mədəniyyətinin təbliği ilə bağlı tədbirlər keçirilib.
İlin ilk yarısında əldə edilən 23 milyard 660 milyon 318 min dollarlıq turizm gəlirinin 20 faizini qida və içki kateqoriyası təşkil edir.
Söz mövzusu kateqoriyada ilin ilk yarısında əldə edilən gəlir 4 milyard 738 milyon 580 min dollar olub.
Qastronomiya Turizmi Dərnəyinin sədri Gürkan Boztepe Türkiyədə qastronomiya turizminin inkişafı ilə bağlı qiymətləndirmə apararaq, xüsusilə son illərdə qastronomiya turizminin Türkiyənin ümumi turizm strategiyasında mühüm yer tutmağa başladığını bildirib.
Türkiyənin "60 milyon turist, 60 milyard dollar gəlir" hədəfində qastronomiyanın böyük potensiala malik olduğunu bildirən Boztəpə Qaziantepin UNESCO tərəfindən "Qastronomiya şəhəri" kimi tanınmasının bu sahədəki böyümə potensialını daha da artırdığını bildirib.
Qastronomiya turizmi gəlirlərinin hər il artdığını ifadə edən Boztəpə, "Qastronomiya turizmindən əldə olunan gəlir 2021-ci ildə 5,1 milyard dollar idi, keçən il isə 15 milyard dollara yüksəldi. Qastronomiya turizmində il sonu hədəfimiz 18 milyard dollardır. 2025-ci il hədəfi 25 milyard dollardır",-deyə vurğulayıb.
Boztəpə deyib ki, "Qastronomiya şəhərləri beynəlxalq səviyyədə daha effektiv şəkildə təbliğ edilməlidir. Türkiyə qastronomiya turizmi sahəsində qlobal oyunçu olmaq yolundadır. Türkiyə İtaliya, Fransa və İspaniya kimi köklü mətbəx ənənələri olan ölkələrlə rəqabət aparmalıdır".
Qeyd edək ki, qastronomiya turizmi bir bölgənin və ya ölkənin kulinariya mədəniyyətini, yerli yeməklərini, içkilərini və istehsal üsullarını kəşf etmək üçün səyahət forması kimi müəyyən edilir.
Süleyman