Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri saxlanıldı

Ağsu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri saxlanıldı


Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Ağsu Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Newscenter.az Baş Prokurorluğa istinadən bildirir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vüqar Əsgərov və Sənan Feyzullayevin cinayət əlaqəsinə girərək aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə Ağsu rayonu ərazisində yerin təkindən istifadəyə dair icazə verilməsi üçün vətəndaşdan müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələrinə və almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Vüqar Əsgərov və Sənan Feyzullayevə Cinayət Məcəlləsinin 312-1.1-ci (nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş