Bu günlərdə tanınmış türkoloq, görkəmli dilçi alim, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin ən fəal deputatlarından biri olmuş, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun 65 yaşı tamam olub.
Dəyərli ziyalı, görkəmli dilçi-ədəbiyyatşünas alim, əziz dostum Nizami Cəfərov ilk növbədə, Vətənini, Xalqını sevən, dövlətçiliyimizə sadiq böyük şəxsiyyətdir. Onun amalı, məfkurəsi, elmi ideologiyası Azərbaycanın inkişaf intibahı ilə üst-üstə düşür. Bunun ən yaxşı nümunəsi Nizami müəllimin Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə əsası qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən müstəqil dövlət quruculuğu tariximizin fəal iştirakçılarından biri olmasıdır.
Görkəmli alimimiz həmişə cəmiyyətdə baş verənlərə öz iradəli və cəsarətli mövqeyi ilə seçilib, ziyalı vicdanı, alim istedadı, ədəbi-tənqidi üslubu ilə hadisələrin içində olub, gözə görünüb. Ona görə də bütün uğur hekayələrini yaşadığı cəmiyyətlə, əhatə olunduğu mühitlə bir yerdə qazanıb.
Nizami Cəfərov Azərbaycan dilçiliyinin zənginləşməsində, ədəbi dilimizin inkişafında, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsaslarının inkişafında, habelə türk xalqları ədəbiyyatının təbliğində zəngin xidmətləri olan nadir ziyalılardandır. Türk dilinin, ədəbiyyatının zənginliklərini qanına hopdurmuş, əsil türk ziyalısı obrazını mənimsəmiş Türk dünyasının ən ləyaqətli oğullarındandır.
Təsadüfi deyil ki, bütün türkdilli ölkələrdə Nizami Cəfərovun bu nadir istedatı böyük maraq və heyrət doğurur.
O, müasir dilçilik və ədəbiyyatşünaslıq elmimizə tamamilə yeni nəfəs gətirən, gənc alimlərin yetişməsində fərqli dəst-xətti, üslubu ilə seçilən yenilikçi akademikdir.
Akademik status Nizami Cəfərovun elmi sanbalını, möhtəşəm yaradıcılıq obrazını tamamlayan möhtərəm dəyərin ifadəsidir. Məhz akademik çəkisinə, müqayisəolunmaz türkçülük-dilçilik tədqiqlərinə və elmi təhsil quruculuğundakı səmərəli xidmətlərinə görə, 2001-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülməsi Nizami müəllimin Azərbaycan dövlətinin elmi xəzinələrindən biri olmasına sübutdur.
Nizami müəllim, həm də möhkəm xarakterə, zəngin daxili mənəviyyata, şəxsiyyət kimi əyilməz vüqara malik insandır. O, müxtəlif elmi vəzifələrdə, dövlət vəzifələrində çalışıb, Milli Məclisdə Komitə sədri olub, ancaq heç vaxt vəzifə, elmi titullar, ictimai nüfuz ona zərrə qədər də təsir göstərməyib. Başqalarına yuxarıdan aşağı baxmaq, təkəbbür bir addım da yaxınına düşməyib.
O, həmişə sadələiyi, təvəzokarlığı, səmimi, dostcanlılığı ilə öz zəngin xarakterini qoruyub saxlayıb, ona görə də kiçikdən böyüyə hamının hörmət və ehtiramını qazanıb. Onun ziyalı simasında aydınlıq və işıq saçan bir ümid vardır.
Ona görə də hamı Nizami Cəfərovu çox sevir.
Nizami Cəfərov elmə, kitaba, ictimai fəaliyyətə, Azərbaycan aliminin dərin ictimai-elmi tədqiqatlarına, yaradıcılıq potensialına dəyər verən, qiymətləndirən, Azərbaycan dövlətçiliyi, Ulu öndər və Cənab Prezidentlə, eləcə də Mehriban xanımın humanizm diplomatiyası ilə bağlı elmi-fəlsəfi-politoloji araşdırmalar aparan elm xadimlərinə qarşı da çox diqqətli və həssasdır, vaxt taparaq bu araşdırmaları, kitabları dərindən mütailə edir, öz akademik süzgəcindən keçirir, məzmunlu fikirlərini çatdırır.
Hörmətli alimimizin təşəbbüsü ilə müəllifi olduğum Ulu öndərin zəngin dövlətçilik irsindən bəhs edən “Milli Dövlətçiliyimizin Simvolu”, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuş “Azərbaycanın Mehriban Siması”, “Humanizmin simvlou” adlı kitablarımın Atatürk Mərkəzində geniş təqdimat mərasimləri keçirilmiş, Nizami müəllim bu tədbirlərdə özü şəxsən iştirak edib.
Nizami müəllim, Əsil dostdur, yol yoldaşıdır. O, gürcü dilində nəşr edilmiş “Azərbaycanın Mehriban Siması” kitabımın Tiflis şəhərində təqdimatında da mənimlkə birgə uzun yol qət edib, mərasimdə olduqca maraq doğuran mənalı çıxış edərək Gürcüstanın elmi elitasında, ictimaiyyətində ölkəmizin elmi təfəkkürünün inkişafında böyük təəssürat yaradıb.
Tiflisdə Gürcüstanın dəyərli elm xadimlərinin, ziyalılarının da dilindən eşitdim ki, Nizami Cəfərov Qafqazın ən yaxşı alimlərindən, tədqiqatçılarından biridir. Bu, onun böyük elm xadimi kimi Azərbaycandan kənarda da yüksək nüfuz və sanballından,şöhrətindən xəbər verir.
Nizami Cəfərov həm də nikbin, gələcəyə ümidli baxışları ilə Azərbaycanın tərəqqisinə inanan şəxsdir, hər bir məclisdə gənc alimləri, yetirmələrini irəliyə inamla baxmağı təlqin edir, insanları heç vaxt ruhdan düşməyə qoymur.
Onun zəngin milli adət-ənənələrimizdən qaynaqlanan kaloriti, Türk kişisinə xas milliliyi, özünəməxsusluğu çox qürurvericidir. Nizami müəllimlə bir tədbirdə, məclisdə olmaq, duzlu-məzəli söhbətlərini eşitmək, ana südü kimi təmiz Azərbaycan dilininin zənginliyini, milli leksikonumuzun incəliklərini duymaq həqiqətən zövq verir. Onunla keçən tədbirlərin mənalı və yaddaqalan olması, vaxtın neçə keçməsi Nizami Cəfərovun fitri qabiliyyətinin göstəricisidir.
Nizami müəllimin iştirak etdiyi bütün məclislər, apardığı bütün tədbirlər iştirakçıların yaddaşında xoş bir xatirəyə çevrilir, insanlarda mənəvi rahatlıq yaradır.
Görkəmli dilçi alimimizi 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, möhkəm can sağlığı, ailə səadəti, yorulamz elmi-ictimai fəaliyyətində uğurlar arzu edirəm.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor