Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ilk qadın mexanizatoru

Azərbaycanın ilk qadın mexanizatoru


Sevil Həmzət qızı Qazıyeva (1 iyun 1940, Aşağı Tala, Zaqatala rayonu – 23 sentyabr 1963, Jdanov) — Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı.[1]




Sevil abidəsi
Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.[2] 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini Azərbaycan Tibb İnstitutuna versə də, müsabiqədən keçə bilmir. Elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir.[3] Burada poliqrafiya sənətini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərir. Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evinin üzvü olan Sevil əvvəlcə Süleyman Sani Axundovun "Laçın yuvası" pyesində Pərican, sonra isə Cəfər Cabbarlının "Sevil" pyesində Sevil obrazlarını canlandırır. Həmin illərdə mətbuatda şeirləri də dərc olunur.

1959-cu ilin dekabrında Sevil qəzetdə bir məqalə oxuyur. Məqalə ilə tanış olan tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə sürücü-mexanik olmağa qərar verir.[3] Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi Sevil Qazıyeva və rəfiqələri Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibinə məktub yazıb Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər. Gənc qızların bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır.

1960-cı ilin yayında Sevil və rəfiqələrini indiki Beyləqan rayonundakı 5 nömrəli pambıqçılıq sovxozuna göndərirlər. İstehsalat təcrübəsi zamanı Sevil maşınla 97 ton pambıq yığır.[4]

Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbini bitirəndən sonra Sevil Qazıyeva könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedir. 1961-ci ildə Özbəkistanda Sovet pambıqçılarının ümumrespublika toplanışında Azərbaycan nümayəndə heyətinin tərkibində Sevil Qazıyeva da iştirak edir. Sevil Özbəkistanda olarkən məşhur sovet pambıqçısı Tursunoy Axunovanın iş təcrübəsi ilə yaxından tanış olur. O, Daşkənddən qayıtdıqdan sonra Beyləqanda Tursunoy Axunova kimi kompleks-briqada yaradır və həmin briqadaya başçılıq edir.

1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. 1962-ci ildə onu Azərbaycan LKGİ-nin XXIII qurultayına nümayəndə seçirlər. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır.[5] Sevilin başçılıq etdiyi briqada həmin il hər hektardan 30 sentner pambıq götürdüyü üçün onu "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edirlər.

Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir.[1]

Ölümü
Sevil Qazıyevanın faciəli ölümü ilə bağlı bir neçə versiya var, lakin eyni zamanda onların hamısı bir məsələdə həmfikirdir — qız tarlada işləyərkən dünyasını dəyişib.[6]

Bir versiyaya görə, Qazıyevanın ölümü təsadüf deyil, saxtalaşdırılmışdır. İkinci versiyaya görə, Sevil Qazıyeva tarlada baş verən yanğın zamanı traktorunu xilas etmək istəyərkən faciəvi şəkildə ölüb.

İlk iki versiya şahidlərin ifadəsi ilə təsdiqlənmədiyindən üçüncü versiya ən etibarlı və doğru hesab olunur. Bu versiyaya görə, Sevil Qazıyeva həqiqətən ölümcül bir təsadüf nəticəsində həyatını itirib. 1963-cü il sentyabrın 22-dən 23-nə keçən gecə tarlada işləyərkən uzun saçının bir hissəsi kombayn milinin tamburuna dolanaraq başının bir hissəsini üz dərisindən qopardı.[4] Həkim gələndə isə artıq vəfat etmişdi. Hadisə zamanı yanında olan Qazıyevanın dostu Qənimət, eləcə də Çingiz Fərəcov hadisənin şahidi olub. Ekspertizanı aparan məhkəmə-tibb eksperti Sabir Əliyev də mərhumun bədənində zorakılıqla ölüm əlamətləri aşkar etməyib.

Sevil Qazıyeva doğulduğu Zaqatala rayonunda dəfn olunub.
Xəbəri paylaş