Azərbaycanın "yaşıl enerji" güclərinin 70 %-dən çoxu ixrac ediləcək.
Newscenter.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov “Wind Energy Hamburg” Konfransı çərçivəsində keçirilən “Enerji keçidi dövründə” panelində Azərbaycanın Avropaya “yaşıl enerji” ixracı siyasətinə dair çıxış edərkən bildirib.
Çıxışda növbəti 6 il ərzində yaradılacaq azı 7 QVt “yaşıl enerji” güclərinin 70 %-dən çoxunun ixraca yönəldiləcəyi, bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsinin tərtib edildiyi vurğulanıb.
Avropaya ilkin mərhələdə 4 QVt “yaşıl enerji” tədarük edəcək “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan 1 QVt bərpa olunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizlərinin icra vəziyyəti barədə məlumatlar verilib. Həmçinin yaxın vaxtlarda “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacağı, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin Mərkəzi Asiyaya qoşulması imkanlarının müzakirə edildiyi bildirilib.
P. Şahbazovun sözlərinə görə, bu layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpa olunan enerji sistemində regionları və qitələri əlaqələndirəcək: “Avropaya “yaşıl enerji”ni müxtəlif marşrutlarla Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə strateji missiya yerinə yetirmiş olacaq. Ən önəmlisi Avropada bərpa olunan enerji Şimal dənizi və Xəzər dənizi ilə balanslaşdırıla bilər. Bütün bunlar ölkəmizin bərpa olunan enerji resurslarına transformasiya etmək və “yaşıl enerji”nin təchizatında regional lider olmaq əzmini nümayiş etdirir.”
“Yaşıl enerji dəhliz”lərinin Azərbaycanın ev sahibliyi ilə bu ilin noyabrında keçiriləcək COP29 Sədrliyinin 14 təşəbbüsündən biri olduğu da diqqətə çatdırılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Liderlər Sammitinin, həmçinin “Mərkəzi Asiya ölkələri üçün İnvesiya Forumu”nun keçirilməsi ilə COP29-un bərpa olunan enerjinin tədarükü ilə bağlı regional təşəbbüslərimizə qlobal marağı cəlb edən və töhfə verən platforma olacağı qeyd edilib.
Sonra biznes sektoru və medianın iştirakı ilə Azərbaycanda “yaşıl enerji keçidi” və enerji ixracı ilə bağlı dəyirmi masa və müzakirələr keçirilib.
Süleyman