Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması öz aktuallığını qorusa da, proses ətrafında hələ də nəzərə çarpacaq ciddi irəliləyiş qeydə alınmayıb. Rəsmi Bakının proses fonunda prinsipal mövqe sərgiləməsinə baxmayaraq rəsmi İrəvan eyni ritorikadan çıxış etmir. Baxmayaraq ki, blokada şəraitində yaşayan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək müstəqil xarici siyasət aparmaq strategiyası baxımından olduqca əhəmiyyətlidir.
Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə. Nikol Paşinyanın rəhbərlik etdiyi İrəvan hökuməti regionda dəyişmiş geopolitik reallıqlar fonunda sadəcə dəyişkən siyasi fikirləri, vaxt qazanmağa hesablanmış addımları və pərdələnməyə çalışılan militarist ideyaları inkişaf etdirir:
"Bu isə həqiqətən müstəqil dövlət kimi davranan ölkələr üçün spesifik xüsusiyyət deyil. Müqayisə üçün deyək ki, Azərbaycan müharibədə rəqibini məğlub etsə də, qalibiyyətin qazandırdığı dividentlərə rəğmən yenə də qalib tərəf kimi regionda sülhün və istiqrarlı inkişafın olması naminə səylər göstərir. Lakin Ermənistan anlaşılmaz, dəyişkən mövqeyi ilə sanki məğlub olmamış kimi regionda münaqişənin davamı üçün çalışır. Bunun da əsas səbəbi Ermənistan siyasətində xarici qüvvələrin dominantlığıdır".
Süleyman