Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin çıxışı Azərbaycan xalqına, dostlarımıza, düşmənlərimizə yönəlik ciddi mesajlarla yadda qaldı

Prezidentin çıxışı Azərbaycan xalqına, dostlarımıza, düşmənlərimizə yönəlik ciddi mesajlarla yadda qaldı


"Prezident İlham Əliyevin 7-ci çağırış Milli Məclisin açılış mərasimindəki çıxışı proqram xarakterli olmaqla, deputatlara, Azərbaycan xalqına, dostlarımıza, düşmənlərimizə yönəlik ciddi mesajlarla yadda qaldl".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. O bidirib ki, Dövlət Başçısı, müasir dövrün reallıqları, geosiyasi qarşıdurmalar, ölkənin qarşısında duran vəzifələr, xarici təhdidlər, ideoloji təxribatlar, Qarabağa qayıdış, işğaldan azad olunmuş torpaqlarda aparılan tikinti-quruculuq-bərpa işləri barədə geniş məlumat verdi:

"Problemlərin həlli yollarından, qlobal güclərin maraqlarının toqquşduğu regionumuzda, sabitliyin saxlanılması, sərhədlərin toxunulmazlığı istiqamətində dövlətin gördüyü işlərdən danışdı.

Bu günki reallıqlar ondan ibarətdir ki, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması, qlobal gücləri narahat edir. Tarixən olduğu kimi, yenə də “erməni” kartından bir alət olaraq, istifadə olunur.

Ermənistan sürətlə silahlandırılır, sülh müqaviləsinin imzalanması müxtəlif bəhanələrlə uzadılır. Bununla da, həmin qüvvələr Azərbaycanı gərginlikdə saxlamağa çalışırlar. Azərbaycanın qələbəsini, müstəqil siyasət aparmasını həzm edə bilmirlər".

Millət vəkilinin sözlərinə görə, bu təzyiqlər, təxribatlar gözlənilən idi və heç kimə sirr deyil ki, vahid mərkəzdən verilmiş komanda əsasında təşkil olunur:

"Əfsuslar olsun ki, təxribatlarda öz daxilimizdəki destruktiv qüvvələrdən, bəzi media qurumlarından, 5-ci kolon nümayəndələrindən də istifadə olunur. Yaxşı haldı ki, Azərbaycan hakimiyyətində, cəmiyyətdə təxribatlara qarşı immunitet formalaşıb. Güclü siyasi iradəyə malik, beynəlxalq münasibətlər sistemini, təhlükəsizlik sistemini peşəkarcasına mənimsəmiş, bütün oyunları pozan Liderimiz var. Ordu quruculuğuna, ən müasir silahların, döyüş texnikasının alınmasına, hərbi-sənaye kompleksinin inkişafına xüsusi diqqət yetirilir. İqtisadiyyat şaxələndirilir, yeni əlaqələr qurulur. Yəni, əldə olunmuş qələbələrin saxlanılması, suverenliyin, sabitliyin qorunması üçün nə lazımdırsa, dövlət tərəfindən lazımi addımlar atılır. Tədbirlər görülür".

Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, Cənab Prezidentin çıxışındakı bir məqamı xüsusilə vurğulamaq lazımdır:

"Bu da milli birlik, gənc nəslin vətənpərlik ruhunda tərbiyə olunması, hər bir azərbaycanlının qürurla yaşamasıdır. Məhz, qürurla yaşaması, öz dövləti ilə fəxr etməsi, düşünürəm ki, ən vacib məsələdir. Heç bir maddiyatla əvəzlənməyən hisslərdir. Biz, 30 illik işğal dövrünü “məğlub xalq” sindromu ilə yaşamışıq. Bizi “ məğlub xalq” xəstəliyindən xilas edən, ləkələnmiş qürurumuzu bərpa edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə, silahlı qüvvələrimizə, Müzəffər Ali Baş Komandanımıza, bütövlükdə xalqımıza can sağlığı versin".

Deputat, "Prezidentin çıxışındakı mesajlar, Milli Məclis üzvləri ilə yanaşı, bütün ictimai-siyasi fəalların, media nümayəndələrinin, cəmiyyətin gündəlik diqqət mərkəzində olmalıdır",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş