Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hərbi-texniki imkanlarını genişləndirir

Azərbaycan hərbi-texniki imkanlarını genişləndirir


44 günlük Vətən müharibəsində böyük Zəfərə imza atan, antiterror əməliyyatı ilə erməni separatizminə son qoyan qalib Azərbaycanın hərbi sənayesi də kifayət qədər güclüdür. Bunu sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində nümayiş etdirilən ən son yerli istehsalımız olan çoxsaylı silah çeşidlərindən də görmək mümkündür.

Açılış mərasimində Prezident İlham Əliyevin də iştirak etdiyi və dünyanın 40-a yaxın ölkəsindən 200-dən artıq şirkətin qatıldığı sözügedən sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlar, silah və sursatlar (PUA-lar, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, 30 millimetrlik avtomatik top, zirehli gödəkcələr, aviabombalar və təlim simulyatorları, pulemyotlar, snayper tüfəngləri, minaatanlar və s.) ölkəmizin gün-gündən güclənməkdə olan hərbi sənaye potensialını əyani göstərir.

Bu sahənin inkişaf etdirilməsi hazırda ölkəmiz üçün prioritet istiqamətlərdən biri hesab olunur. Prezident İlham Əliyev Azərbaycanın müdafiə sənayesinin inkişafından qürurla danışır. Cənab Prezident istər VII çağırış Milli Məclisin ilk iclasında etdiyi proqram xarakterli çıxışı zamanı, istərsə də “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına ünvanladığı müraciətində qeyd edib ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir.

Dövlət başçısının vurğuladığı kimi “son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar. Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir”.

Yeri gəlmişkən, “ADEX” sərgisi çərçivəsində nümayiş etdirilən milli silahlarımızdan bəziləri ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə də uğurla istifadə olunub və Qələbə qazanmağımızda müstəsna rol oynayıb. Bu mənada 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatı zamanı öz sözünü demiş şanlı Azərbaycan Ordusunun döyüş təcrübəsinin inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilməsi heç də təsadüfi deyil. Öz silahları, öz hərbi gücüylə müharibədə düşmənə qalib gəlmək və ərazi bütölüyünü bərpa etmək hər xalqa, hər ölkəyə nəsib olmur. Azərbaycan bunu bacardı. Və milli hərbi sənaye kompleksimizin gücü ölkəmizdə istehsal olunan ən müasir silahlar hesabına bundan sonra daha da artacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş