Ölkə başçısı iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında, ölkənin iqtisadi inkişafı hədəflərini və bu günə qədər əldə olan nailiyyətləri geniş şəkildə təqdim etdi. Prezidentin də dediyi kimi bu il intisadi inkişaf tempi ilin əvvəlindən proqnozlaşdırıldığı səviyyədə olub və 4.3 faiz təşkil edib. Dünyada baş verən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlb olunması istiqamətində atılmış addımlar öz bəhrəsini verməkdədir.
Bu, xüsusilə qeyri-neft sektorunun 7% artması iqtisadiyyatımızın yalnız neft-qaz sektoru ilə məhdudlaşmadığını və qeyri-neft sahəsində də mühüm uğurların əldə olunduğunu göstərir. Ümumiyyətlə isə bu gün ölkənin iqtisadi inkişaf tempi inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.
Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri neft hasilatının sabitliyinin təmin edilməsi ilə bağlı oldu. Bu, ölkə iqtisadiyyatına təsir edən vacib amillərdən biridir. Cənab Prezident bildirdi ki, neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Belə ki, hasilatdakı tənəzzülün qarşısının alınması və gələcəkdə yeni yataqlardan daha çox neft və qaz hasil ediləcəyi ilə bağlı optimist proqnozlar ölkənin enerji sektorunda sabitliyi təmin etmək üçün çox əhəmiyyətlidir. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılıb. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək.
Digər vacib bir məsələ təbii ki, ölkəyə xarici sərmayənin cəlb olunması ilə bağlıdır. Xüsusilə də qeyri-neft sektoruna bu cür sərmayənin cəlb olunması olduqca vacibdir. Prezident də çıxışında bu məsələyə toxunaraq bu istiqamətdə həyata keçirilən təşviq layihələri haqqında danışdı. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Xarici borcun çox aşağı səviyyədə olması və bu borcun azaldılması da ölkənin maliyyə müstəqilliyini artıran amillərdən biridir.
Son olaraq qeyd edim ki, ölkə başçısının çıxışında vurğulanan məqamlar ölkəmizin iqtisadi hədəflərini təmin etmək və inkişaf tempini artırmaqla bağlı hansı addımların atılmasının vacibliyini aydın şəkildə ortaya qoydu.
Yusif Bağırzadə, politoloq