Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov BMT BA-nın 79-cu sessiyasında çıxış edib

Ceyhun Bayramov BMT BA-nın 79-cu sessiyasında çıxış edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində çıxış edib.

Newscenter.az xəbər verir ki, XİN başçısının çıxışı Təşkilatın veb-saytında canlı yayımlanıb.

Ölkənin baş diplomatı “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edib:

"Cənab Prezident,

Cənab Baş katib,

Zati-aliləri,

Xanımlar və cənablar,

Baş Assambleyanın 79-cu sessiyasının prezidenti vəzifələrini icraya başlaması münasibətilə zati-aliləri cənab Filemon Yanqı təbrik edir və əvvəlki sessiyaya rəhbərlik edilməsində göstərdiyi müstəsna səylərinə görə fəaliyyətini yekunlaşdıran zati-aliləri cənab Dennis Frensisə təşəkkür edirəm.

Həmçinin Birləşmiş Millətlər Təşkilatının nəcib məqsədlərinə nail olunması naminə davamlı səylərinə görə BMT-nin baş katibi, zati-aliləri cənab Antonio Quterreşə təşəkkürümü bildirirəm.

Xanımlar və cənablar,

Dünya heç bir ölkənin tək başına öhdəsindən gələ bilməyəcəyi geniş spektrli çağırışlarla mübarizə aparmağa davam edir. Daha da kəskinləşən qlobal iqlim böhranı, artan qeyri-bərabərliklər, ortaya çıxan bölünmələr və kəskinləşən gərginliklər şərait və məkandan asılı olmayaraq hər birimizə təsir edir. Artıq çoxtərəfliliyin heç kəsi geridə qoymadan işlədiyini və vahid səslə çıxış edə bildiyini nümayiş etdirməyin vaxtıdır.

Beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş fundamental norma və prinsiplərinə riayət olunmaması və yanlış təfsir edilməsi ilə beynəlxalq siyasət hazırkı vəziyyəti qarşıdurma ilə xarakterizə olunur.

Çoxtərəfliliyin davamlı eroziyası fonunda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyi davam etdirməsi çox vacibdir.

BMT Nizamnaməsinin prinsipləri və məqsədləri beynəlxalq münasibətlərin əsas normativ çərçivəsini təşkil edir və selektiv yanaşma olmadan, ardıcıl şəkildə tətbiq edilməlidir.

Hər bir ölkənin bərabər səsə malik olmasını və eyni əsasda rəftar görməsini təmin etmək BMT-nin mandatına daxildir.

Bu baxımdan, Azərbaycan mərkəzində BMT dayanmaqla, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinin ciddi riayət olunmasına və ayrı-seçkilik olmadan tətbiq edilməsinə əsaslanan canlandırılmış və islahatlar aparılmış çoxtərəfli sistemin tərəfdarıdır.

Dürüstlük və çeviklik, konstruktivlik, əməkdaşlıq ruhunda görülən işlərə və əldə edilən nailiyyətlərə əsaslanaraq, BMT Təhlükəsizlik Şurasının islahatları üzrə təcili irəliləyişə ehtiyac var.

Biz bir həftə əvvəl keçirilən “Gələcəyin Sammiti” adlı vacib tədbiri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, çoxtərəfliliyə və beynəlxalq əməkdaşlığa dair birgə öhdəliyimizin yenilənməsi kimi baxırıq. Gələcək üçün Pakt, onun razılaşdırılmış nəticələri hamı üçün daha yaxşı, dayanıqlı və firavan dünya qurmaq məqsədi daşıyan layihədir.

Kollektiv öhdəliklərimizi real və qətiyyətli fəaliyyətə çevirməyin vaxtıdır.

Xanımlar və cənablar,

Qlobal iqlim böhranı onilliklər ərzində əldə edilmiş tərəqqiyə təhdid yaradır, bəşəriyyətin gələcəyini təhlükə altına qoyur və həssas ölkələrə qeyri-mütənasib təsir göstərir. Beynəlxalq münasibətlərdə artan fikir ayrılıqları diqqətimizi əsrin ən böyük transmilli problemi olan iqlim dəyişikliyi kimi bir reallıqdan yayındırmamalıdır.

Qlobal temperatur artımını 1.5 selsi dərəcəyədək məhdudlaşdırmaq üçün indiyədək görülmüş işlər kifayət deyil. Gələcək naminə, dayanıqlı inkişaf üzrə qlobal baxışa dair öhdəliklərimizi reallaşdırmaq üçün təcili, birgə və davamlı səylərin vaxtı yetişib.

2024-cü ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. “Yaşıl Dünya naminə Həmrəylik” çağırışını rəhbər tutaraq, Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri bir araya gətirmək, birgə öhdəlik və mənəvi vəzifə qismində iqlim çağırışlarını həll etmək məqsədilə əməkdaşlıq ruhunu gücləndirmək istiqamətində səylərini əsirgəməyəcəkdir.

Cari ildə COP29-a ev sahibliyi və sədrlik etmək üçün bizə göstərilən etimad Azərbaycanın iqlim gündəliyinə rəhbərlik etməyə və qlobal iqlim fəaliyyətinə töhfə verməyə hazır olduğunun beynəlxalq ictimaiyyət tərəfindən tanındığını və qəbul edildiyini təsdiq edir.Başlamaqda olan sədrliyi çərçivəsində Azərbaycan COP29-u şəffaf, qərəzsiz, inklüziv və tərəflərə yönələn yanaşma əsasında həyata keçirəcəyinə sadiqliyini bir daha bəyan edir.

Biz bu il iqlim maliyyəsi başda olmaqla ambisiyanın genişləndirilməsi və fəaliyyətin artırılmasına xidmət edən iki paralel sütuna əsaslanan baxışımızı təqdim etmişik. Bu sütunlar bir-birini qarşılıqlı şəkildə gücləndirir, bir sütun üzrə tərəqqi o biri sütuna güclü dəstək siqnalı göndərir.

COP29 sədrliyi kimi əsas gözləntimiz iqlim maliyyəsi üzrə ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasıdır. Bu, Paris Sazişinin qəbulundan sonra ilk böyük iqlim maliyyəsi hədəfi olacaq və biz razılaşma əldə etmək naminə tərəflərə dəstək olmaq üçün yorulmadan çalışırıq.

COP29 sədrliyi problemin təcililiyinə və miqyasına adekvat olan, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alan ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasının Tərəflərin Paris Sazişinə və qarşıdakı illərdə iqlim fəaliyyətinə sadiqliyi üçün son sınaq olduğunu açıq şəkildə bəyan edib.

Biz Yeni Kollektiv Kəmiyyət Məqsədi üzərində konstruktiv işləməyə davam etməliyik və COP29-da prosesi uğurlu nəticəyə yönəltməliyik.

COP29 sədrliyi bu il həmçinin karbon bazarları üzrə nəticəyə nail olmaq üçün Tərəflərlə işləyir. Tam işlək karbon bazarları Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin səmərəli şəkildə həyata keçirilməsi və təsirlərin azaldılması üzrə ambisiyaların gücləndirilməsi işində mühüm addım olacaqdır.

Bununla yanaşı, biz iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqə, yaşıl enerji zonaları və dəhlizləri, enerji resurslarının saxlanması, iqlim davamlılığının harmoniyası, kənd təsərrüfatı, təmiz hidrogen və üzvi tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və s. mövzuları əhatə edən 14 təşəbbüs irəli sürmüşük.

COP29 Fəaliyyət Gündəliyindəki təşəbbüslərdən biri iqlim maliyyəsi üçün innovativ mənbə kimi yanacaq istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü şəkildə dəstəklənməsi gözlənilən İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasından ibarətdir.

COP29 eyni zamanda, fikir ayrılıqlarının bir kənara qoyulması və qlobal sülhə və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaqdır. Münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimi məsələlər arasında əlaqəni nəzərə alaraq, Azərbaycan bir neçə gün əvvəl COP29 naminə Birgə Atəşkəs Çağırışı flaqman təşəbbüsünü elan edib.

Mindən çox qeyri-hökumət təşkilatı, dini liderlər və görkəmli şəxsiyyətlər və bir çox tərəf artıq bu çağırışa qoşulub. Biz COP29 ayı ərzində hər kəsi siyasi fikir ayrılıqlarını aşmağa, həmrəy olmağa və Atəşkəsə hörmət etməyə çağırırıq.

Zati-aliləri,

Azərbaycan hər zaman beynəlxalq sülh və təhlükəsizliyin, konfessiyalar və mədəniyyətlər arası dialoqun təşviq edilməsində, 2030 Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verilməsində və qlobal həmrəylik və çoxtərəfliliyin gücləndirilməsində ön sırada yer alıb.

2019-2023-cü illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkatın yüksələn rolu və beynəlxalq əlaqələrdə əməkdaşlıq ruhuna artan töhfəsi ilə müşayiət olunub. Çoxtərəfliliyin eroziyaya uğradığı bir vaxtda Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin uzaqgörən liderliyi altında beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal çağırışlara qarşı kollektiv həll yollarının təşviqi istiqamətində qətiyyətli addımlar atılıb.

“Heç kəsi geridə qoymamaq” kimi nəcib çağırışı rəhbər tutan Azərbaycan ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki dəstək göstərmişik.

Xanımlar və cənablar,

Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin müddətinin yarısını arxada qoyduğumuz məqamda biz bu gündəliyin icrasında durğunluq müşahidə edirik. DİM-lərin cəmi 17%-nin icra edildiyi hazırkı vəziyyətdə təcili və sürətləndirilmiş tərəqqiyə ehtiyacımız var.

Biz milli səviyyədə DİM-lərin icrası məqsədilə lazımi addımlar atırıq və bununla başqalarına nümunə göstəririk. Biz 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirməklə milli səviyyədə DİM-ləri tam əhatə etmişik. Buna vətəndaş cəmiyyəti, biznes ictimaiyyəti, gənclər və digər əsas maraqlı tərəfləri əhatə edən əməkdaşlıq və inklüziv proses vasitəsilə nail olunub.

İki onillikdən az müddət ərzində Azərbaycanın ÜDM-i dörd dəfə artıb. Yoxsulluq 49%-dən 5%-ə enib. Xarici dövlət borcunun dünya üzrə ən aşağı səviyyələrdə, 2024-cü il ÜDM-inin təqribən 7%-i olacağı gözlənilir.

Təmiz ətraf mühit və yaşıl inkişaf bizim yeni milli inkişaf strategiyamızın beş prioritet sahələrindən birini təşkil edir. Buna uyğun olaraq, Azərbaycan istixana qazlarının emissiyalarının daha da azaldılması yollarını axtarır və 1.5 selsiyə uyğunlaşdırılmış Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi üzərində işləyir. Biz bir neçə ay əvvəl “2030 Qlobal Metan Vədi”nə qoşulmuşuq. Biz həmçinin 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonaları yaradacaq və karbon neytrallığına nail olacağıq.

Azərbaycan dayanıqlı inkişafa, yoxsulluğun aradan qaldırılmasına və milyonlarla insanın regionda və onun hüdudlarından kənarda təmiz enerjiyə keçidinə töhfə verməklə qlobal enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcəkdir. Azərbaycanda 2030-cu ilədək bərpa olunan enerjinin ümumi elektrik enerjisi gücündəki payı 30%-ə çatacaqdır. Belə yüksək hədəfin qoyulmasında məqsəd ilk növbədə, enerji səmərəliliyinin artırılması və şəhər mühitində, nəqliyyat sistemlərində və sənayedə innovativ həllərin tətbiqidir.

Qarşıdakı illərdə bərpa olunan elektrik enerjisi istehsalının proqnozlaşdırılan artımı Azərbaycana Qara Dəniz Sualtı Kabel Layihəsi kimi əlamətdar transregional layihə vasitəsilə Avropa ölkələrinə yaşıl elektrik enerjisi ixracatçısına çevrilməyə imkan verəcək.

Cənab Prezident,

Artan çağırışlar fonunda birlik və həmrəylik içində bir araya gəlmək, dialoqu və qarşılıqlı anlaşmanı gücləndirmək mütləq zərurətdir.

Çoxəsrlik müxtəliflik və multikulturalizm ənənələrinə malik Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasındakı dialoqa və əməkdaşlıq ruhuna, qarşılıqlı anlaşmaya və hörmətə sadiqliyi qətidir. Azərbaycan özünün “Bakı Prosesi” vəPeace4Culture” təşəbbüsləri də daxil olmaqla, bütün dünyada sülh mədəniyyətinin təşviqinə və mədəniyyətlərarası və dinlərarası dialoqun həvəsləndirilməsinə xüsusi diqqət ayırır.

Zati-aliləri,

Xanımlar və cənablar,

Ermənistanla silahlı münaqişənin sona çatması və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb. Onilliklərdən sonra ilk dəfə bölgədə sabitlik əldə edilib, de-fakto sülh bərqərar olub.

Məhz Azərbaycan hərbi işğala son qoymaqla, hər iki tərəf üçün nəhayət düşmənçilik səhifəsini arxada qoymaq və mehriban qonşuluq münasibətlərinə başlamaq üçün şərait yaradan tərəfdir.

Azərbaycan bu prosesə 44 günlük Vətən müharibəsindəki qələbəsindən dərhal sonra başlayıb. Bu təklif münaqişənin onlarla şəhərin, yüzlərlə qəsəbə və kəndin yerlə-yeksan edilməsi, tarixi və mədəni irsin hər bir parçasının dağıdılması və təhqir edilməsi, təbii resursların vəhşicəsinə talan edilməsi formasında indiyədək davam edən sağalmamış yaralarına rəğmən irəli sürülmüşdür.

Azərbaycan Ermənistana bərabər şərtlərdə, beynəlxalq hüququn norma və prinsiplərinə tuyğun olaraq, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif etməklə siyasi müdriklik və iradə nümayiş etdirib.

Son bir il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusilə ikitərəfli müqavilənin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, habelə etimad quruculuğu tədbirlərinin işlənib hazırlanması istiqamətində mühüm irəliləyişə nail olublar.

Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, bütün regionun daha yaxşı gələcəyi naminə möhkəm məsuliyyət hissi ilə hərəkət edərək bu prosesi irəli aparmağa davam edəcəkdir. Bu prosesi məntiqi sonluğa çatdırmaq xüsusunda bizim sadiqliyimiz və qətiyyətimiz dəyişməz olaraq qalır.

Normallaşma prosesinin başa çatdırılması üçün Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə hüquqi müstəvidə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir. Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesini xələl gətirir.

Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu bu qədər ağrı və iztirablardan sonra “yarımçıq sülh” seçim ola bilməz.

Azərbaycan bu kritik məqamda normallaşma prosesinin başa çatdırılması üçün qalan əngəlləri aradan qaldırmağa məqsədilə tam məsuliyyət hissi ilə təcili addımlar atmağa çağırır.

Ermənistanın beynəlxalq hüquqdan irəli gələn, habelə sülh prosesində öncədən üzərinə götürdüyü öhdəliklərə əməl etməklə bağlı məsuliyyəti ilə yanaşı, bütün beynəlxalq ictimaiyyət də tərəfləri həqiqi, dayanıqlı və əbədi sülhün bərqərar olmasına təşviq etmək məsuliyyəti daşıyır. Belə bir sülhə nail olunması tərəflərdən birinin digərinə qarşı manipulyasiya edilməsi və ya onlar arasında bölücü xətlərin çəkilməsi yolu ilə əldə edilməsi gözlənilən hər hansı dividentdən üstün tutulmalıdır. Dünyanın başqa bölgələrində iztirablara səbəb olmuş uğursuz təcrübələrin revanşizmi qızışdırmaq yolu ilə Cənubi Qafqaza sınaqdan keçirmək cəhdlərinə son qoyulmalıdır.

Zati-aliləri,

Ağır müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bağlı ədalətin təmin edilməsi keçmiş münaqişənin yaralarının sağaldılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Cinayətkarların cəzasızlığına son qoyulması qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etməklə yanaşı, həmçinin münaqişədən sonrakı həqiqi normallaşma və barışığa aparan yolda əsas ilkin şərtlərdir.

Bu baxımdan münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu problemin həlli təkcə cavabdehlik, qurbanların və onların ailələrinin hüquqları baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və normallaşma üçün vacibdir.

Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlı, beynəlxalq hüquq normaları kobud şəkildə pozulmaqla, öz ata-baba yurdlarından məhrum qalmaqda davam edir. Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və vətənə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, Ermənistan hökuməti onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusu Haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş qayıdış hüququndan istifadə etmələrini rədd edir.

Zati-aliləri,

Xanımlar və cənablar,

Dövlətlərarası normallaşma prosesi ilə yanaşı, Azərbaycan ölkə daxilində genişmiqyaslı münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə başlayıb. Bu, yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və ləyaqətli qayıtması kimi pozulmuş hüquqlarından istifadə haqqını təmin etmək məqsədi daşıyır.

Hökumətin yorulmaz səyləri sayəsində hərbi işğal zamanı misli görünməmiş dağıntıların şahidi olmuş ərazilərə yenidən həyat qayıdır.

Təəssüf ki, Azərbaycan ərazilərinin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirkləndirilməsi bərpa və yenidənqurma işlərinin rəvan gedişatına ciddi maneə olaraq qalır. 2020-ci ildə münaqişə bitəndən bəri 377 nəfər, o cümlədən mülki şəxslər minaların qurbanı olub.

Bunu nəzərə alaraq, Azərbaycan DİM18, mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər üzrə milli məqsədi təqdim edib.

Problemin miqyasını nəzərə alaraq, Azərbaycanın humanitar minatəmizləmə potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac vardır.

Fürsətdən istifadə edərək, Azərbaycanda humanitar minatəmizləmə işinə səxavətlə töhfə verən bütün ölkələrə və digər maraqlı tərəflərə təşəkkür edirəm və beynəlxalq dəstək və həmrəyliyin artırılmasına dair çağırışımızı bir daha təkrarlayıram.

Cənab Prezident,

Xanımlar və cənablar,

Sonda mən Azərbaycanın beynəlxalq hüquqa hörməti təşviq etmək, beynəlxalq həmrəylik və əməkdaşlığa sərmayə qoymaq yolu ilə beynəlxalq sülh və təhlükəsizliyə daha çox töhfə verməyə dair sadiqliyini bir daha təsdiqləmək istəyirəm.

Biz çətinliklərin öhdəsindən gəlmək və özümüz və sonrakı nəsillər üçün daha parlaq gələcəyə yol açmaq naminə müştərək səylərin güclü tərəfdarı olmağa davam edirik.

Təşəkkür edirəm".

Mehman Mehdiyev
Xəbəri paylaş