"Xaricdəki və daxildəki anti-Azərbaycan qüvvələr yenə fəallaşıblar. Görkəmli el sənətkarı, ustad aşığımız və Qərbi Azərbaycan mahalının rəmzinə çevrilmiş Dədə Ələsgərin heykəlinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyevin XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışması və 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində üçüncü deportasiya, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacaqlarını böyük inam hissilə bəyan etməsi ölkəmizin düşmənlərini hərəkətə gətirib".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın qayıdış məsələsini hər zaman diqqət mərkəzində saxlayan dövlətimizin başçısı çıxışında tarixə ekskurs edərək bir daha qeyd etdi kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalıb:
"Belə ki, 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş verib. Cənab Prezident onu da diqqətə çatdırdı ki, ilk iki deportasiyanın üzərindən müəyyən müddət keçəndən sonra Qərbi azərbaycanlıların hamısı olmasa da, böyük bir qismi yenidən öz dədə-baba torpaqlarına qayıdıb. Hətta 97 yaşında öz doğma yurdundan köçməyə məcbur olmuş ustad Aşıq Ələsgər də 100 yaşında bütün təhlükələrə baxmayaraq yenə də öz Vətəninə qayıdıb. Bu da bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıdacaqlar".
Komitə sədri qeyd edib ki, ölkə rəhbəri bunu əminliklə deməyə əsas verən bir sıra amilləri qeyd etdi və bildirdi ki, Qərbi azərbaycanlıların yaşlı nümayəndələrində Vətən sevgisi, torpaq həsrəti unudulmayıb və eyni zamanda o torpaqları görməyən Qərbi azərbaycanlıların gənc nümayəndələri də bu gün Vətən həsrəti ilə yaşayırlar. Bunu Qarabağda doğulmamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşayan bu günkü qarabağlı gənclərin nümunəsində də görmək mümkündür:
"Prezident İlham Əliyev vurğuladı ki, heç vaxt Qarabağda yaşamayan qarabağlıların bu gün Qarabağa qayıdışı baş tutduğu kimi, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir”.
Cənab Prezidentin çıxışlarında Qərbi Azərbaycana qayıdışımızla bağlı güclü inam hissi diqqəti cəlb edir. O, güclü inamın və iradənin həqiqətən də çox vacib amil olduğunu, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə istənilən amalımızı, hədəfimizi həyata keçirə biləcəyimizin mümkünlüyünü, hər şeyin bizim öz əlimizdə olduğunu diqqətə çatdırdı: “Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. İşğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında mən bu barədə artıq bir neçə dəfə demişəm. Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq lazımdır, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, - mən bunu bilirəm, - Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır”.
Bəli, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması və bu gün Böyük Qayıdışın başlanması Qərbi azərbaycanlılarda da öz doğma yurdlarına qayıdacaqları ilə bağlı ümidləri həqiqətən də xeyli artırıb. Bu gün əksər Qərbi azərbaycanlıların böyük arzusu var ki, yenidən o torpaqlara qayıtsınlar və eləcə də Aşıq Ələsgərin doğulduğu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında da onun qəbirüstü abidəsi bərpa olunsun. Bir çox göyçəlilər vaxtilə Ulu Öndər Heydər Əliyevin Göyçə camaatı ilə görüşündə söylədiyi sözləri bu gün də dəqiq xatırlayırlar. Ulu Öndər həmin görüşdə demişdi ki, “mən çox inanıram ki, gün gələcək, dövr dəyişəcək, siz öz dədə-baba torpaqlarınıza qayıdacaqsınız və orada ata-babalarınızın qəbrini ziyarət edəcəksiniz və Aşıq Ələsgərin sazı o dağlarda təzədən çalınacaq”.
Əlisahib Hüseynov onu da deyib ki, Prezident İlham Əliyev də buna ürəkdən inanır:
"Və bilir ki, inşAllah o günü görmək bizim hamımıza qismət olacaq. 30 il davam edən işğal dövründə erməni vandallarının Qarabağda, Şərqi Zəngəzurda dağıtdığı görkəmli şəxsiyyətlərimizin məzarları, abidələri 44 günlük Vətən müharibəsindən sonra bərpa olunmağa başlayıbsa, deməli, günün birində Aşıq Ələsgərin doğma Ağkilsə kəndindəki qəbirüstü abidəsi də mütləq bərpa olunacaq. Bütün bunların baş tutması üçün Cənab Prezidentin də vurğuladığı kimi ilk növbədə qarşıya hədəflər qoymalıyıq, düzgün hədəflər seçməliyik: “Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Əslində, birinci həftələr, birinci aylar ərzində bizə qarşı nə qədər əsassız ittihamlar irəli sürülürdü, bizə sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, - hər halda, özlərini belə sayanlar, - bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində biz yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur”.
Bu mənada biz Aşıq Ələsgərin paytaxtımızın mərkəzində abidəsinin açılışına sıradan bir hadisə kimi yanaşmamalıyıq. Əlbəttə, bu gün Bakıda Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması heç şübhəsiz ki, ilk növbədə Aşıq Ələsgərin xatirəsinə bütün Azərbaycan xalqının hörmətinin ifadəsidir. Ancaq eyni zamanda, bu abidənin açılışının rəmzi anlamı, mənəvi və siyasi konteksti də var. Dövlətimizin başçısının vurğuladığı kimi bu abidənin açılışı bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Bəli, biz o günü səbirsizliklə gözləyir və inanırıq ki, gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.
Burada söhbət təbii ki, dinc qayıdışdan gedir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz Qərbi Azərbaycana dinc yolla qayıdacağıq. Və bu bizim təbii, tarixi haqqımızdır, hüququmuzdur. Nə Ermənistan hakimiyyəti, nədəki onun xarici havadarları bizi bu hüququmuzdan məhrum edə bilməzlər. Gec-tez dinc yolla Aşıq Ələsgərin varisləri də və bütün Qərbi azərbaycanlılar da öz doğma torpaqlarına qayıdacaqlar. Prezidentin ustad el sənətkarımızın abidəsinin açılışında iştirak etməsi Qərbi Azərbaycandan olan soydaşlarımıza mənəvi dəstəyinin ifadəsidir".
Süleyman